Türkiyənin İstanbul şəhərində “Dünyanın Dayanıqlı İnkişaf Məqsədləri - 2030” gündəliyinin yaradılması məqsədilə təşkil olunmuş Beynəlxalq BMT Modeli adlı konfrans keçirilib.

 

Konfransın məqsədi BMT Nizamnaməsi çərçivəsində qlobal məsələlərə toxunan və onlar üzərində işləyən diplomatik BMT komitələrinin sessiyalarının ən doğru simulyasiyalarını gənclərə təqdim etməkdir. Konfrans gənclərə diplomatiya, danışıqlar aparmaq, siyasətin hazırlanması kimi həyati bacarıqları aşılayaraq, dünyanın dəyişdirilməsində öz rolunu oynamaq istəyən, sabahın liderləri arzusunda olan insanlarla əlaqə yaratmaq imkanı verən sessiyalardan ibarət olub.

 

Konfransda Sumqayıt Dövlət Universitetinin (SDU) kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının assistenti Elnur Əhmədov, tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Fərid Abbaszadə iştirak ediblər. Azərbaycanı təmsil edən Fərid Abbaszadə sertifikata layiq görülüb.

 

Konfransın birinci günündə müxtəlif ölkələrdən qatılan iştirakçıların bir-birləri ilə tanışlıqları, ikinci günü rəsmi hissədə komitə sessiyaları və bu sessiyalarda debatlar keçirilib. Tələbə F.Abbaszadə çıxış edərək alternativ enerji mənbələri mövzusunda fikirlərini bölüşüb. Konfransın 3-cü günündə İstanbul şəhər turu və yekun bağlanış mərasimi təşkil olunub. Bağlanış mərasimində müxtəlif ölkələri təmsil edən nümayəndələr öz milli adət-ənənələrini anladıb.

 

Qeyd edək ki, konfransa 46 ölkədən nümayəndələr qatılıb.