Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyi ilə universitetin birgə layihəsi -  “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün Beynəlxalq Akademik Mübadilə” layihəsinə start verilib.

 

İlk təlim universitetin Bakı Amerika Mərkəzində Coastal Carolina Universitetinin dosenti Anna Oldfieldin iştirakı ilə “Mədəniyyətə köklənmiş tərcümə” mövzusunda olub.

 

Açılış günü universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva  layihənin mahiyyəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, təlimin məqsədi tərcüməçi hazırlığı ilə məşğul olan professor və müəllim heyətinin peşəkar səriştəsinin təkmilləşdirilməsi, tərcümə dərslərinin keyfiyyətinin yüksəldilməsi və nəticədə tərcümə ixtisası üzrə təhsil alan tələbələrin səviyyəsinin artırılmasıdır.

 

F. Abdullayeva, həmçinin Azərbaycan Dillər Universitetinin Təhsil Nazirliyinin “Ali va orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalibi olduğunu da vurğulayıb.

 

Təlimdə ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova və universitetin tərcüməçi hazırlığı ilə məşğul olan müəllimləri iştirak ediblər.  

 

Qeyd edək ki, təlimlər xarici tərəfdaşlar - Strasburq Universiteti, London Metropolitan Universiteti, Milan Tərcümə Məktəbi, Atılım Universiteti, Coastal Carolina Universiteti, Strasburq Universiteti, Fransa Universiteti, müstəqil ekspertlər Anna Oldfield, Eckhart Hötzel tərəfindən aparılacaq.  

 

Ötən ilin dekabr ayından başlayan təlimlər silsilə şəklində bu ilin oktyabr ayına qədər davam edəcək.