Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Keyfiyyətin təminatı şöbəsi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə universitetin struktur rəhbərləri üçün akkreditasiya qaydalarına dair təlim keçirilib.

 

ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov bildirib ki, universitet 2019-cu ildən etibarən akkreditasiya prosesinə başlayıb. Daha sonra pandemiya səbəbindən proses ləngidiyindən və ali təhsil müəssisəsinin akkreditasiya qaydalarında dəyişikliklər olduğundan, Agentliklə belə bir təlimin keçirilməsinə ehtiyac yaranıb. Qeyd olunub ki, Pedaqoji Universitet 2022-ci il ərzində özünün institusional akkreditasiyasını həyata keçirməyi planlaşdırır. Akkreditasiyanın nəticələri  ali məktəbin 2030-cu ilədək olan dövrdə hazırlanacaq  strateji planlaşdırması üçün əsas baza məlumatlarından biri rolunu oynayacaq.

 

Vurğulanıb ki, burada tələbələrin sosial həyatından beynəlxalq əlaqələrə qədər geniş spektrdə keyfiyyət parametrlərinin qiymətləndirilməsi aparılacaq. 2022-ci ildə ADPU-nun publik hüquqi şəxs və yenidən elmi-pedaqoji kadr hazırlığı mərkəzi statusu alması istiqamətində ciddi işlər görülür ki, akkreditasiya prosesinin nəticələri də buna təkan verəcək.

 

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovun təqdimatında ali təhsil müəssisəsinin müvafiq struktur rəhbərləri üçün keyfiyyət təminatının müxtəlif parametrləri, universitetlərin akkreditasiyalarının aparılması üçün müvafiq qayda və dövlət tələbləri haqqında təlim keçirilib.

 

Qeyd edək ki, proses çərçivəsində Agentlik tərəfindən universitetdə daha bir neçə təlim də keçiriləcək.