Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki humanist və didaktik fikirlər bütün dövrlərdə əhəmiyyətini saxlayır. İnsan cəmiyyətinin keçdiyi yolun ibrətlərindən, doğma Azərbaycan xalqının, habelə başqa xalqların yaradıcılığından, islam dininin tərbiyəedici mənəvi dəyərlərindən bəhrələnən şair bütün insanlara əxlaq dərsini verməyə çalışmışdır. Haqq və ədalət, əmək, çalışmaq və yaratmaq, həyatda ağlın və elmin üstünlüyü, xalqların və insanların bərabərliyi kimi məsələlər Nizami görüşlərinin əsasını təşkil edir.

 

Bütün bu fikirlər ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təlim-tərbiyə şöbəsinin 19.05 qrupunda Nizami Gəncəviyə həsr edilmiş  “açıq dərs”in mövzusunu təşkil etmişdir. Müəllim və metodistlərin də iştirak etdiyi dərsə tələbələr böyük maraq və həvəslə hazırlaşmışdılar. Dərsdə onlar böyük şair haqqında deyilən hər bir kəlməni maraqla dinləyirdilər. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycanın dahi şairinə böyük hörmət və ehtiramın nümunəsidir.

 

Nizaminin şeir və fikirləri pedaqoji tərbiyə sahəsində çalışan müəllimlərə güc verir. Şairin söylədiyi fikirlər həqiqət üzərində söylənildiyi üçün kəsərlidir və qəbulediləndir. Ona görə biz təlim prosesində onlardan çox istifadə etməliyik. “Elmlə, hünərlə başqa cür heç kəs, Heç kəsə üstünlük eləyə bilməz”, “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan”, “Onunçün öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl açıb düşməyim xəcalətə” kimi onlarla, yüzlərlə nəsihətli söz sahibi olan Nizaminin əsərləri tərbiyə məktəbidir.

 

Nizami sözü sanki alim sözü və müdrik xalq sözüdür. Şair onları hamıya çatdırmaq istəyir. O, nəsihətli sözlərini ilk növbədə oğluna deyir. Təsadüfi deyil ki, “Xəmsə”nin üç poemasında (“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”) oğlu Məhəmmədə nəsihət ünvanlamışdır. Yeddi, on dörd və yetkin gənclik çağlarında Məhəmmədə deyilmiş bu ata sözlərində müasir pedaqoji təlimin tələblərinə cavab verən nəsihətli sözlər çox təsirlidir. Məsələn, şair 7 yaşlı oğluna hər şeydən əvvəl bilik dalınca düşməyi və özündə inam yaratmağı tövsiyə edir:

 

Bilik qazan, xoş həyatı versinlər sənə...

 

Qazandığın bu biliklər ucaldar səni.

 

Şair artıq 14 yaşlı oğlu Məhəmmədin qarşısına daha məsuliyyətli tələblər qoyur:

 

On dörd yaşa çatmısansa sən indi artıq...

 

Dərin-dərin bilik öyrən, ada-sana çat...

 

Hansı bilik arxasınca yürüsən, hökmən

 

Çalış, onu dərin-dərin anlayasan sən.

 

Sonrakı mərhələdə isə Nizami yetkinləşmiş oğlunun qarşısında daha məsuliyyətli işlərlə bağlı məsələlər qoymağı lazım bilir:

 

Güvənmə sən, yorğa atın belə bərk gedər,

 

Yollara bax, dolanbacdır, gör ki, nə qədər.

 

Böyük Nizaminin nəsihətli sözləri bütün insanlara, bütün nəsillərə ünvanlanmışdır. Onlar həmişə bizim qulağımızda səslənməlidir. Şair özü demişkən

 

Yüz il sonra soruşsalar, “Bəs o hardadır?”

 

Hər beytim deyəcək: “O burda, burdadır!”.

 

Tədbirin ikinci hissəsində tələbələr Nizami Gəncəvinin poemaları əsasında hazırladıqları səhnələri göstərdilər. Hiss olunurdu ki, onlar Nizami sözünün təsirini səmimiyyətlə duymuşlar. Ona görə ifa etdikləri şeir parçalarını böyük həvəslə təqdim edirdilər.

 

Kollecin müəllimləri də çıxışlarında qeyd etdilər ki, böyük Azərbaycan şairi Nizami dühasından bəhrələnmə, təlim-tərbiyə işlərində ona istinad etmək pedaqoji tərbiyədə uğur qazanmağa kömək edir. Ona görə belə dərslərin müntəzəm keçirilməsi faydalıdır.

 

Naimə HƏMİDOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi