Azərbaycan Texniki Universitetində (AzTU) 2022-ci ildə Azərbaycanda keçiriləcək dünyanın ən böyük aerokosmik və texnologiya festivalı “Texnofest-2022”nin təqdimatı keçirilib.

 

Festival barədə məlumat verən universitetin  rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev bildirib ki, AzTU "Texnofest-2022" festivalının Azərbaycandakı rəsmi tərəfdaşıdır. R.Əliyev texnologiya sahəsində çalışan, bu sahəyə marağı olan hər kəsi festivalda iştiraka dəvət edib.

 

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Texnofest" ofisinin əməliyyat meneceri Zeynəb Babayeva təqdimatla çıxış edib. O, festivalda iştirak qaydaları və şərtlər, müsabiqələr, mükafat fondları və digər məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, festivalda iştirak  etmək istəyənlər bu və digər məlumatları daha ətraflı https://teknofest.az/az/ saytından əldə edə bilərlər.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, “Texnofest-2022” 26-29 may tarixlərində Bakıda “Crystal Hall” və Dənizkənarı Milli Parkda keçiriləcək.