II Qarabağ savaşında Ermənistanın Gəncəyə raket hücumu zamanı dağıntılar altından xilas edilən Azərbaycan Texnologiya Universiteti (UTECA) tələbəsinin təhsil haqqı ali məktəbin daxili imkanları hesabına ödəniləcək.

 

Universitetdən bildirilib ki, UTECA-nın rektoru, professor Akif Süleymanov vətəndaş qəbulu zamanı bu barədə göstəriş verib. Qəbulda iştirak edən valideyn Ramiz Ağayev Gəncədə törədilən erməni terrorunda evlərinin tamamilə dağıldığını, bütün ailə üzvlərinin yaralandığını, birinin isə şəhid olduğunu bildirərək övladı, UTECA-nın dizayn ixtisasının 3-cü kurs tələbəsi Gülçin Ağayevanın təhsil haqqının universitet hesabına ödənilməsini xahiş edib.

 

Rektor xahişə müsbət cavab verib. Bildirib ki, erməni terrorundan zərər çəkən ailələrə diqqət vacibdir, dövlət tərəfindən onlar qayğı ilə əhatə olunur,  universitet də öz növbəsində ailəyə dəstək göstərməyə hazırdır.


Qeyd edək ki, Gülçin Ağayevanın təhsil haqqı ötən il də Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödənilib.

 

Gülçinin babası 78 yaşlı Nurəddin Ağayev Gəncə terrorunda şəhid olub.