Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq kitabxananın fondlarında saxlanılan, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri Şuşanın, Qarabağın tarixini, mədəniyyətini əks etdirən nəşrlərdən ibarət “Xarıbülbül səhifələrdə”  adlı virtual sərgi hazırlanıb.

 

Sərgidə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş dəyərli ədəbiyyatlar nümayiş etdirilir.

 

Bu nəşrlər “Zəfər salnaməsi”, Elturan Avalovun “Şuşa qrafika”, Yaqub Mahmudov və Camal Mustafayevin “Şuşa Pənahabad”, Kərim Kərimlinin “Şuşalı, Şuşasız günlərim”, Pərviz Axundbəylinin “Şuşa həsrəti”, İsmayıl İsmayılovun “Azərbaycan mirvarisi Şuşa”, Vasif Quliyevin “Şuşa nəğmələri”, Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır” və digər yazarların əsərlərindən ibarətdir.

 

Təqdim olunan kitablarda ümummilli lider Heydər Əliyevin müxtəlif dövrlərdə Şuşaya səfərləri, şəhərin inkişafına göstərdiyi diqqət, həmçinin Ulu Öndərin siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti, liderlik keyfiyyətləri, Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, ölkənin inkişafı, dünya miqyasında tanınması haqqında ətraflı məlumatlar öz əksini tapıb.

 

Əsərlərdə Şuşa-Pənahabad qalasının salınması, xarici işğalçılara qarşı mübarizə tarixi, siyasi, iqtisadi, sosial inkişafı, görkəmli şəxsiyyətləri, erməni işğalının nəticələri və bir sıra digər məsələlər öz əksini tapıb. Bunlarla yanaşı, nəşrlərdə Şuşanın mədəni inkişaf tarixinə də geniş yer verilib.