Azərbaycan Texniki Universitetində (AzTU) “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib.

 

Daha sonra ötən il başlanılan və icrasının bu il də davam etdiriləcəyi “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının ilk seminarı keçirilib.

 

Universitetdən bildirilib ki, AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı platformanın ali təhsil müəssisələri üçün önəmindən danışıb. Rektor AzTU-da istifadəyə verilən “Open Science” üzrə Milli Təbliğat Mərkəzinin işinə uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov layihənin gənc alimlərin beynəlxalq arenaya inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

 

Layihənin təqdimatını edən AGADMC-nin sədri İlqar Orucov isə bildirib ki, ölkənin 17 ali təhsil müəssisəsində belə seminarların təşkili nəzərdə tutulub. Onun sözlərinə görə, “Open Science” üzrə Milli Təbliğat Mərkəzinin istifadəyə verilməsi sözügedən layihənin gənc alimlər arasında geniş təbliğinə və koordinasiya işinin təşkilinə nail olmaq məqsədi daşıyır. İ.Orucov onu da əlavə edib ki, layihə çərçivəsində AGADMC tərəfindən regionlarda fəaliyyət göstərən elmi tədqiqatçılar üçün də müvafiq seminarlar təşkil olunacaq. Layihənin yekununda hər universitetdən 25 nəfər seçilməklə, Avropa Gənc Alimlər Şurasından dəvət olunacaq ekspertin iştirakı ilə müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub. 

 

Tədbirin sonunda seminar iştirakçılarına sertifikat təqdim olunub.