Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbərliyi ilə AUF-in (Frankofon Universitetlər Agentliyi) Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohammed Ketata və təşkilatın Bolqarıstan üzrə regional rəhbəri Peter Topareff ilə onlayn görüş olub.  

 

Görüşdə UFAZ ilə AUF arasında əməkdaşlığın hazırkı vəziyyəti, AUF-in dəstəyi ilə UFAZ-da Frankofon Məşğulluq Mərkəzinin yaradılması ilə bağlı işlərin gedişatı barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, yaradılacaq mərkəzin gələcək fəaliyyət sahələri UFAZ-ın müəllim və tələbələri üçün yeni imkanlar açacaq.

 

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov Frankofoniya Məşğulluq Mərkəzinin istifadəyə verilməsi ilə bağlı işlərin 90 faizinin icra edildiyi barədə danışıb. Bildirib ki, mərkəz UFAZ tələbələrinin əmək bazarına hazırlanmasında xüsusi rol oynayacaq və tələbələrin məlumatlandırılması, təhsil, sertifikasiya, əmək bazarına pre-inkubasiyası istiqamətində fəaliyyət göstərəcək. 

 

Qeyd edək ki, AUF 1961-ci ildə yaradılmış və 119 ölkədən 1007 universiteti birləşdirən bir təşkilatdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universiteti 2019-cu ildən bu təşkilatın tamhüquqlu üzvüdürlər.