Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyliyə “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimi keçirilib.

 

Mərasim Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada professor Oqtay Cəlilbəylinin Azərbaycanda yapon dili və mədəniyyətinin davamlı təbliğinə, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə bu ordenə layiq görüldüyünü bildirib. Sonra səfir Cuniçi Vada azərbaycanlı alimə “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni”ni təqdim edib.

 

Qeyd edək ki, 1875-ci ildə təsis olunan bu ordenin səkkiz dərəcəsi var. Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında xüsusi xidmətləri olan əcnəbi vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim edilir.