Bakı Slavyan Universitetində (BSU) 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

 

BSU-nun tələbə ictimai təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirdə rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tələbələri Gənclər Günü münasibətilə təbrik edib, onlara həyatda və təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib, 1997-ci ildə imzaladığı fərmanla Azərbaycanda Gənclər Günü təsis olunub. O da bildirilib ki, Ulu öndərin  gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.  Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, torpaqlarımızı işğalçılardan təmizlədilər,  beləliklə, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdilər. Çıxışda vurğulanıb ki, Azərbaycan gəncliyi daim  dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Ölkə rəhbərliyi elm, təhsil, mədəniyyət, idman və digər dövlət proqramları, layihələri ilə gəncliyin inkişafına dəstək verir. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi diqqət mərkəzində saxlanılır. A.Nağıyev çıxışının sonunda BSU-nun tələbələrinə gənclər üçün yaradılmış əlverişli şəraiti düzgün qiymətləndirməyi və gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı naminə əzmlə fəaliyyət göstərməyi tövsiyə edib.

 

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova, tədbirin moderatoru, xarici dil müəllimliyi fakültəsinin tələbəsi Yəmən Həsənova, Magistrantlar Şurasının sədri Əli İsmayılov, YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin ümumi koordinatoru, humanitar və sosial elmlər fakültəsinin tələbəsi Tural Məmmədli müasir Azərbaycan gəncliyinin missiyası barədə fikirlərini bölüşüblər.

 

 Tədbirin sonunda “Keçmişdən gələcəyə Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirilib.