Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2 fevral- Gənclər Günü münasibəti ilə rəssamlıq fakültəsi Təsviri sənət müəllimi ixtisası tələbələrinin əl işlərindən ibarət “Mənim şəhərim” adlı kollaj sərgisi keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova dövlətin uğurlu gənclər siyasətindən danışıb, gənclərə  şəxsi həyatlarında, təhsillərində daha böyük uğurlar arzulayıb. Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi, Əməkdar rəssam Vüqar Əli çıxış edərək sərgi haqqında məlumat verib.

 

Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsi  və  Beynəlxalq Əlaqələr şöbəsi tərəfindən 2 fevral- Gənclər Günü münasibəti ilə müxtəlif fakültələr üzrə fərqlənən tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, “Mənim şəhərim” sərgisində əsərləri nümayiş olunan tələbələr də rəhbərlik tərəfindən “Təşəkkürnamə”lərə layiq görülüb.