Təhsil bu gün onun həyatının ən mühüm istiqaməti, ən böyük ümididir. Gələcəyə dair hələlik tək real planı universitet tələbəsi olmaqdır. Şəhid Sərvan Eyyubovun xanımı Aytac Eyyubova hələ gəncdir, cəmi 23 yaşı var: “2020-ci il fevral ayının 22-də ailə qurduq, 2020-ci il oktyabrın 12-də Sərvan şəhid oldu. O şəhid olanda 21 yaşı vardı. Ondan sonra oğlumuz Tuncay dünyaya gəldi”.

 

Şəhid ərinin izi ilə getdi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində oxudu

 

Beləliklə, hələ tələbə olmadan şəhid xanımı olmaq yazıldı taleyinə. Bir gündəcə böyüdü, ailə başçısına çevrildi. Bir oğula ana, bir ailəyə başçı ola bilmək üçün də ciddi qərarlar almalıydı: “Məcburən atamın evinə qayıtdım. Nə qədər ata evində olsam da, həyatım barədə düşünməli, bir qərar verməliydim. Bu kiçik  ailəmin məsuliyyəti mənim üzərimdədir. Mən də Sərvanın izindən getməyə qərar verdim”.

 

Sərvanın izi… Sərvanın da yolu peşə təhsilindən keçmişdi. Yolayrıcında duran Aytac üçün də işıq gələn tərəf oldu o yol: “Uşaqlıqdan istədiyim bir ixtisas var idi. Mühasib olmaq istəyirdim. Sərvanın oxuduğu təhsil müəssisəsində təhsil almağa qərar verəndə, ilk növbədə, bu ixtisası axtardım. Keşkə oxumaq daha əvvəl qismət olsaydı, amma olmadı. Ailə qurdum. Muharibədən sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həmin ixtisası oxumağa qərar verməklə ən doğru qərarı verdiyimi düşünürəm”.

 

Aytac Eyyubova deyir peşə təhsilinin ən çox xoşuna gələn tərəfi peşəni təcrübədə mənimsəməsidir: “Keyfiyyətli təhsil aldım. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aldığım təhsil sayəsində universitetdə işimin daha asan olacağını düşünürəm. Təcrübədə olduğum Qəbələ Uşaq və Ailələrə dəstək Mərkəzində Günel Ağayeva, Peşə Mərkəzində isə istehsalat ustamız Rəhman Xasməmmədov peşənin sirlərini öyrənməyim üçün nə lazımdırsa, etdilər. Burada təhsilimi yüksək balla tamamladım. Ümumi orta müvəffəqiyyət göstəricim 100 dən 79 bal oldu”.

 

Universitet arzusunun bir addımlığında

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 2024-cü il məzunu Aytac Eyyubova subbakalavr diplomu ilə yeni müsabiqəyə qatılacaq: “Universitetə verəcəyəm sənədlərimi. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının avqustun 9-19-da reallaşacaq ixtisas seçimi mərhələsinə müsabiqədənkənar qatılacağam”.

 

O, Bakıdakı ali təhsil müəssisələrindən birində təhsil almağa hazırlaşır və bütün gələcəyinin təhsildən asılı olduğunu anlayır.  Təhsili, karyerası, özünüinkişaf üçün çıxacağı universitet yolunda da anasına güvənir: “Peşə təhsili alarkən də anam dəstək göstərdi, bundan sonrakı mərhələdə də ona güvənirəm. Hazırda Qəbələnin doğulduğum Zarağan kəndində yaşayırıq. Bundan sonra universitet təhsilimin harada olmağından asılı olaraq yola davam edəcəyik. Mən Bakıdakı universitetlərdən birində təhsilimi davam etdirməyi arzulayıram”.

 

QDPTM-dən məzun olan 41 subbakalavr təhsilini davam etdirəcək

 

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu il Aytac Eyyubova ilə birlikdə müəssisəni 41 subbakalvr bitirib. Onlardan 21-i ali məktəblərə qəbul imtahanlarının ixtisas seçimi mərhələsində iştirak edəcək, 20-si isə əmək bazarına daxil olub. Əksəriyyəti təhsil aldığı müddətdə iş təklifi alaraq işə başlayıb.

 

Ruhiyyə DAŞSALAHLI