Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox əhəmiyyətlidir. Ölkəmizdə təhsillə bağlı bütün işlər dəqiq, planlaşdırılmış və proqnozlaşdırılmış şəkildə həyata keçirilir. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar nəticəsində elm və təhsil sahəsinin inkişafı üçün əhəmiyyətli addımlar atılır. Bu addımlardan biri də Dövlət Proqramı çərçivəsində hər il yüzlərlə tələbənin xaricdə təhsil almaq imkanı əldə etməsidir. 
 
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu il dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edən tələbələr Selcan Vəliyeva və Orxan Həsənov təhsil sahəsindəki nailiyyətləri və gələcək hədəfləri barədə “Azərbaycan müəllimi”nə danışıblar.
 
 
Selcan Vəliyeva 2002-ci ildə Tovuz şəhərində anadan olub. Orta təhsilini fərqlənmə ilə bitirərək, Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub. Universitet illərində müxtəlif təlimlərdə, layihələrdə iştirak edib. Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin ikili diplom proqramından məzun olub. Hazırda Dövlət Proqramı çərçivəsində Liverpol Universitetində (University of Liverpool) “Ətraf mühitin idarə edilməsi və tənzimlənməsi” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub.
 
S.Vəliyeva bildirir ki, dövlət proqramının qəbul mərhələsində rəqabətli bir mühit formalaşdığından müəyyən qədər çətinliklər mövcud idi: “Ancaq nəticələrimin yaxşı olması, müəyyən faydalı təlimlərə qoşulmağım, işlədiyim müəssisələrdən əldə etdiyim bilik və bacarıqlar bu prosesdə uğurlu olmağıma şərait yaratdı. Seçəcəyim universitetlə bağlı ətraflı araşdırma etdim və sənədləşmə mərhələsini uğurla yekunlaşdırdıqdan sonra müsahibəyə dəvət edildim. Bu mərhələdə də suallara ətraflı cavab verməyə, öz təcrübələrimi bölüşməyə, gələcək planlarım ilə bağlı məlumatlar verməyə çalışdım. Beləliklə, müsahibə mərhələsində də uğurlu nəticə əldə etdim”.
 
Dövlət Proqramı nüfuzlu universitetlərdə təhsil almaq şansı qazandırır
 
Proqram iştirakçısının sözlərinə görə, Dövlət Proqramı ilə xaricdə təhsil almaq çox önəmlidir: “Mən yaxınlarıma da bu istiqamətdə dəstək olmağı düşünürəm. Hesab edirəm ki, hər kəs öz ixtisası üzrə professionallaşmalı, yeni nailiyyətlər əldə etməlidir. Dövlət Proqramı bu mənada bizim üçün çox gözəl şanslar yaradır. Çünki biz dünyanın aparıcı universitetlərində təhsil almaq şansı qazanırıq. Eyni zamanda ölkəmizə qayıtdıqda prestijli müəssisələrdə işləməklə bağlı seçimlərimiz daha geniş olur. Bundan əlavə, öz komfort zonamızdan çıxıb, yeni təcrübələr, dostluqlar, inkişaf istiqamətləri və bacarıqlar qazanırıq”.
 
Selcan Vəliyeva ətraf mühit və ekologiya sahəsində ixtisas seçməyini belə izah edib: “İkinci kursdan etibarən universitetdə ikili diplom proqramına qoşuldum. Bu, çox ağır bir proqramdır. Çünki biz həm tərcümə ixtisasını, həm də turizm və onun idarə edilməsini oxuyurduq. Bu müddətdə bizə Avstriyadan, İspaniyadan, Türkiyədən gələn mütəxəssislər müxtəlif fənnləri tədris edirdilər. Həmin müddətdə turizm və ekologiyanın əlaqəsi ilə bağlı bir fənn də tədris edilmişdi. Elə o vaxtdan ekologiya sahəsi mənə maraqlı gəldi. Çünki ekoloji problemlərin həll yollarını araşdırmaq hər zaman diqqətimi çəkib. İxtisaslarla bağlı müəyyən qədər məlumat topladıqdan sonra ətraf mühit sahəsinə yönəlmək qərarına gəldim.  Araşdırmalarım nəticəsində məlum oldu ki, Liverpol Universitetində bu sahə ilə bağlı praktiki və əyani təcrübələr, layihələr həyata keçirilir. Ümumilikdə, İngiltərənin təhsil sistemi də çox xoşuma gəlirdi. Həm də bu ölkəyə səhayət etmək uşaqlıq arzum idi. Ona görə də seçimim məhz bu universitet oldu”.
 
Təhsilimi bitirdikdən sonra fəaliyyətimi akademik səviyyədə davam etdirəcəyəm
 
S.Vəliyeva noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əhəmiyyətinə də toxunub: “Konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsət olacaq. Bu tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və yeni texnologiyalar təqdim ediləcək, eyni zamanda, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcək. Azərbaycanın tədbirə ev sahibliyi etməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır. COP29 konfransı, həmçinin, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaq. Konfransın keçiriləcəyi müddətdə Azərbaycanın zəngin mədəni irsi və enerji sektoru dünya ictimaiyyətinə təqdim ediləcək. Hökumət nümayəndələri, tədbirin uğurlu keçməsi üçün əhəmiyyətli tədbirlər planlaşdırır və yerli icmaların iştirakını təşviq edir. Bu tədbir, Azərbaycan üçün qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsətdir”.
 
Selcan Vəliyeva təhsilini bitirdikdən sonra ölkəmizə qayıdaraq yiyələndiyi bilik və bacarıqları akademik səviyyədə davam etdirmək fikrindədir: “İxtisasımı peşəkar öyrəndikdən sonra bu istiqamətdə müxtəlif layihələr həyata keçirəcəyəm. Eyni zamanda müəyyən praktiki biliklər əldə etdikdən sonra tələbələrə bu fənni akademik səviyyədə aşılamaq istəyirəm”. 
 
 
Ölkəmizdə aqrar sahənin inkişafına öz töhfəmi verəcəyəm
 
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil hüququ əldə edənlərdən biri də Orxan Həsənovdur. O, 2003-cü il sentyabrın 5-də Quba şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 53 nömrəli orta məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin SABAH qruplarının məzunudur. Hazırda Dövlət Proqramı çərçivəsində Teksas Universitetinin (Texas A&M University) “Kənd təsərrüfatı” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub.
 
Orxan Həsənov Dövlət Proqramına müraciət prosesinin olduqca asan olduğunu diqqətə çatdırıb: “Elektron formada lazım olan sənədləri göndərirdik, hər hansı bir yanlışlıq olduqda bununla bağlı geri dönüş edirdilər. Dövlət Proqramının əsas üstünlüklərindən biri də maliyyə məsələsidir. Çünki tələbələrin təhsil alan vaxtı yaşadığı problemlər arasında maliyyə mövzusu əsas yerdədir. İqtisadi vəziyyətləri yaxşı olmadıqda bütün fokuslarını təhsilə yönəldə bilmir, bu barədə düşünməli olurlar. Ancaq Dövlət Proqramı çərçivəsində bütün xərclər qarşılandığına görə fikirləşirəm ki, öz diqqətimizi tam şəkildə təhsilimizin inkişafına yönəldə bilərik”.
 
O.Həsənov gələcəkdə Aqrar İnnovasiyalar Mərkəzində çalışmaq arzusundadır: “Aqrar İnnovasiyalar Mərkəzinin alternativ enerji mənbələri ilə bağlı yeni layihələri var. Bu layihələr üzərində çalışmaq istəyərəm. Əminəm ki, təhsilimizi bitirib gələndən sonra Dövlət Proqramı əsasında təhsil almağın bir çox üstünlüklərini görəcəyik”.
 
Orxan Həsənov ixtisasının daim tələbat doğuran bir sahə olduğunu deyir: “Aqrar iqtisadiyyat elə bir sahədir ki, hər il müxtəlif  istiqamətlər üzrə genişlənir. Aqrar iqtisadiyyat eramızdan əvvəl paleolit dövründən mövcuddur. Bunun özü çox önəmli bir məqamdır. Bu sahənin tarixinin qədim əsrlərə dayanmasının səbəbi sırf insanların qidalanması ilə bağlı olmasıdır. Qidalanma illərlə bağlı dəyişə bilər, ancaq bu dəyişikliklər köklü dəyişikliklər deyil və iş sahəsində problemlərə yol açmayacaq. Bu gün süni intellektin inkişafı bir çox sahələrə təsir göstərir, yanlız aqrar sahə bu təsirdən yaxşı mənada kənarda qalır. Ona görə də hesab edirəm ki, bu seçimimlə gələcəkdə ölkəmizin aqrar iqtisadiyyatının inkişaf etdirilməsinə öz töhfəmi verəcəyəm”.
 
Günel ABBAS