Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə “Beynəlxalq Ana dili Günü” münasibəti ilə “Ana dilim! Bu dünyanın yaşı qədər tarixin var!” adlı tədbir keçirilib.

 

Tədbirdə universitetin rəhbərliyi, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, habelə professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

 

Bədii hissədə fakültədə fəaliyyət göstərən “Meh ədəbi dərnəyi”nin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək Azərbaycan, ingilis, fransız, alman və rus dillərində ana dilinə aid şeirlər səsləndirib, mahnılar ifa edib, o cümlədən Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnə təqdim ediblər.

 

Sonra çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, dövlətimiz Azərbaycan dilinin inkişafını ən vacib məsələlərdən biri kimi daim diqqətdə saxlayır. Məhz bu diqqətin nəticəsi kimi bu gün Pedaqoji Universitetin filologiya fakültəsində də davamlı tədqiqatlar aparılır, dilimizin təbliği istiqamətində müntəzəm işlər görülür.

 

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli ADPU-da dilçilik sahəsindəki ardıcıl fəaliyyətdən və təşəbbüskarlıqdan danışıb.

 

Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi, professor Minəxanım Nuriyeva ana dilinin saflığının qorunmasının önəmindən söz açaraq, bu istiqamətdə layihələrin icra olunmasının vacibliyini qeyd edib.

 

Tədbir çərçivəsində ADPU-nun Müasir Azərbaycan dili kafedrası ilə AMEA-nın Dilçilik İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova  tədbir iştirakçılarına təşəkkürünü bildirərək qeyd edib ki, imzalanan memorandum Dilçilik İnstitutu ilə mövcud əlaqələri daha da genişləndirəcək, universitetdə Azərbaycan dilinin tədrisi səviyyəsinə və aparılan tədqiqatlara əlavə stimul verəcək.