Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalına start verilib.

 

Universitetdən bildirilib ki, 27 mart - Elm Gününə həsr edilmiş Elm festivalı 1-28 mart tarixinədək davam edəcək. Festival çərçivəsində konfrans, kitab sərgisi, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, master klasslar, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar, treninqlər olmaqla, 33 tədbir keçiriləcək.

 

Elm festivalının açılışında UNEC-in rektoru, professor Ədalət Muradov və “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, tanınmış ziyalı, professor Rafiq Əliyev iştirak ediblər.

 

Professor Ədalət Muradov festivalın keçirilməsinin əsas məqsədinin elmin populyarlaşması olduğunu bildirib, UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və yeni hədəflərdən söz açıb. “UNEC Professoru”, “Gənc professorlar” layihəsi, “tədqiqatçı-müəllim” statusundan bəhs edən Ə.Muradov UNEC-in dünya səviyyəli universitet sırasına çıxmaq sahəsində böyük potensialının olduğunu, bu potensialın üzə çıxarılması üçün zəruri addımların atılacağını deyib.

 

Rektor elmin dəyərindən də söz açıb: “Prosesləri dəyişə bilməyən, cəmiyyətin davranışına təsir edə bilməyən elm gücsüzdür. Universitetlər elmin populyaşdırılması istiqamətində maarifləndirmə mərkəzi missiyasını öz üzərinə götürməlidir. Elmin nəticələri haqqında ictimaiyyət məlumatlandırılmalıdır”.

 

Tədbirin fəxri qonağı, tanınmış ziyalı, professor Rafiq Əliyev elmin populyarlaşmasının, gənc nəslə ötürülməsinin, elmə gənclərin daha çox cəlb olunmasının vacibliyindən danışıb, elmin bəşəriyyətin inkişafındakı rolundan, eləcə də bəşəriyyətə vura biləcəyi zərərlərindən bəhs edərək, elmi əxlaqın vacibliyini önə çəkib.

 

Tədbir “Elm və sosial - iqtisadi inkişaf: Yeni cağırışlar, imkan və perspektivlər” mövzusunda plenar iclası ilə davam edib.