Azərbaycan Dillər Universitetində (ADU) Sanskrit dilinin tədrisinə başlanılmasına həsr olunan mətbuat konfransı keçirilib. 

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, sanskrit dilinin tədrisi Azərbaycan filoloji və humanitar elmi üçün son dərəcə vacib məsələdir: “Azərbaycan filoloji elmi bir çox istiqamətlərdə uğurla fəaliyyət göstərir, müxtəlif universitetlərdə, elmi-tədqiqat institutlarında öyrənilir. Qeyd etmək lazımdır ki, bütün bu uğurların müqabilində həm humanitar, həm də filoloji elmin öyrənilməsi istiqamətində klassik dillərin araşdırılması baxımından müəyyən qədər boşluqlar vardır. Klassik dillərin öyrənilməsinin çox böyük əhəmiyyəti var. Bu, həm elmi, həm də praktik anlamda önəmlidir…Sanskrit dilinin öyrənilməsi təkcə bizim universitet üçün önəmli deyil, bu dilin tədrisi digər universitetlər üçün də əhəmiyyət daşıyır. Həmçinin dünya mədəniyyəti ilə tanışlıq, müasir elmi araşdırma metodlarının öyrənilməsi yönündə sanskrit dilinin tədqiqi ön plana keçir. Sanskrit dilini öyrənən tədqiqatçı həm öz ixtisasını daha dərindən mənimsəyəcək, həm də araşdırdığı elmi problemi daha tez başa düşməyi üçün  əlavə üstünlük qazanmış olacaq”.

 

Sanskrit dilinin tədrisi ilə məşğul olan macarıstanlı professor Anna Piko jurnalistlərin suallarını cavablandırıb. Qeyd olunub ki, sanskrit dili dünyanın ən qədim dillərindən biridir. Bu dilə hal-hazırda böyük maraq vardır. Dünyanın bir sıra ölkələrində - İngiltərədə, Almaniyada, Macarıstanda bu dilin tədrisi ilə bağlı mühüm addımlar atılmaqdadır.

 

Sonra ADU-nun tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova sanskrit dilinin tədrisi ilə bağlı sualları cavablandırıb.