Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə  27 mart - Elm Gününə həsr olunmuş  “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə keçiriləcək. Universitetdən bildirilib ki, BDU-nun bakalavr və magistrantları üçün nəzərdə tutulan müsabiqənin məqsədi təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti kimi bacarıqlara malik istedadlı tələbələri seçmək,  onlarda innovativ sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək bacarıqlarını təşviq və inkişaf etdirmək, fərqlənən tələbələri mükafatlandırmaqdır.

 

Müsabiqə üzrə qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər.

 

1-ci yer üçün 1500, 2-ci yer üçün 1000, 3-cü yer üçün 500 manat müəyyənləşdirilib.

 

Tələbələr müsabiqədə fərdi və ya komanda (3 nəfərdən ibarət) şəklində iştirak edə bilərlər. Hazirlanan layihələr müsabiqənin aşağıdakı 5 kateqoriyasından ən azı birinə aid və layihənin elmi ideyası yeni olmalıdır.

 

Müsabiqənin kateqoriyaları:

  • Sosial yönümlü texnologiyalar və sosial innovasiyalar
  • Ağıllı şəhər, kənd və ev konsepsiyası
  • Alternativ enerji sistemləri
  • Su və enerji ehtiyatlarına qənaət sistemləri və “ağıllı həllər”
  • İtkisiz texnologiyalar və təkrar emal: yeni yanaşmalar

 

Qeyd edilən şərtlər daxilində hazırlanmış layihələr  30 mart tarixinə qədər [email protected] elektron ünvanına göndərilməlidir.

 

Layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Qalib layihələr üzrə ideyaların reallaşdırılması üçün şərait yaradılacaq.