Sumqayıt Dövlət Universitetində riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Pi Gününə həsr olunmuş “Möcüzəvi Pi ədədi” adlı tədbir keçirilib.

 

Universitetin rektoru, professor Elxan Hüseynov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO  2019-cu ildə Paris şəhərində, hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib. Hər il 14 mart Beynəlxalq "Pi" Günü kimi riyaziyyatçılar tərəfindən qeyd olunur.

 

Rektorun sözlərinə görə, Beynəlxalq Riyaziyyat Gününün hər il qeyd edilməsi elmlər arasında yeni, daha möhkəm əlaqələrin  qurulmasına, alimlər arasında dialoqun inkişaf etdirilməsinə, cəmiyyətdə riyaziyyatın əhəmiyyətinin qiymətləndirilməsinə təsir göstərir.

 

Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova isə bildirib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd tələbələrin riyaziyyat fənninə olan marağının daha da artırılması, gənc istedadların üzə çıxarılmasıdır.

 

Tədbirdə tələbələrin hazırladığı Pi ədədinə həsr olunmuş təqdimatlar və səhnəciklər təqdim edilib. Pi ədədinin tarixi, istifadə sahələri, sənətdə və musiqidə yeri haqqında maraqlı məlumatlar verilib.

 

Tələbələr arasında Pi ədədinin vergüldən sonrakı mərtəbələrini əzbərləmə yarışı, müxtəlif intellektual oyunlar da keçirilib. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.