Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Rektor E.Qasımov BANM-da yüksək səviyyəli tədris və təhsil üçün yaradılan şərait, Ali Məktəbin fəaliyyətindəki yeniliklər, nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili haqqında məlumat verib. 

 

Qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayan tələbələrin BANM-də təhsil aldığını vurğulayan rektor onların yerli və transmilli şirkətlərdə, beynəlxalq səviyyəli müəssisələrdə istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb. E. Qasımov qeyd edib ki, məhz bunun nəticəsində BANM-in məzunları ingilisdilli peşəkar kadrlar kimi irimiqyaslı yerli, xarici şirkət və müəssisələrdə çalışırlar.

 

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib. O, İsrail mütəxəssislərinin iştirakı ilə BANM-də kibertəhlükəsizlik mərkəzinin yaradılmasını təklif edib. Rektor E.Qasımov təklifi yüksək qiymətləndirib və bu sahədə işlərin sürətlənməsi üçün dəstək verəcəyini bildirib.