Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsində  Şah İsmayıl Xətainin anadan olmasının  535 illiyinə həsr edilmiş   “Qış getdi, yenə bahar gəldi:  Şah İsmayıl Xətai -535” adlı yubiley tədbiri keçirilib.

 

ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova Şah İsmayıl Xətaini böyük şəxsiyyət kimi xarakterizə edərək, dahi Azərbaycan hökmdarının Novruz bayramı ilə bağlı yazdığı “Bahariyyə” şerinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu bildirib.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin dövlətçilik tariximizdə oynadığı rolu xüsusilə vurğulayaraq, gənclərə və tələbələrə bu dahi şəxsiyyətin siyasi və mədəni irsini dərindən öyrənməyi tövsiyə edib.

 

Yubiley tədbirində “Azərbaycan dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu” adlı elmi məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı tarixi qaynaqlar əsasında Azərbaycan Səfəvi dövlətinin etno-siyasi, dini-ideoloji və mədəni həyatı haqqında olduqca əhəmiyyətli məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qədim Qubadov “Şah İsmayıl Xətainin bədii yaradıcılığı” adlı elmi məruzə ilə çıxış edib, Şah İsmayıl Xətai şəxsiyyətinin Azərbaycan ədəbiyyatında yeri və rolu haqqında ətraflı məlumat verib.

 

Naxçıvan Dövlət Universitetinin dissertantı Ləman Osmanova elmi məruzəsində Şah İsmayılın əsərlərində irfani düşüncənin ədəbi mahiyyətini açıqlayıb.

 

Tədbirin bədii hissəsində ADPU-nun IV kurs tələbələri- Bilqeyis Abbasova və Pərvin Əmirova Şah İsmayıl Xətai “Divanı”ndan parçalar səsləndirib.