Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində (UTECA) məlumatlandırma günü keçirilib. Görüşdə UTECA ilə yanaşı, regionda fəaliyyət göstərən Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları da iştirak ediblər.

 

UTECA-nın tədris işləri üzrə prorektoru Yaşar Ömərov layihənin əhəmiyyətindən danışıb, təhsilin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb, eyni zamanda universitetlər arasında milli şəbəkələşmənin qurulması, hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından layihənin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

 

Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov iştirakçılara layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib.

 

Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası planlaşdırılan məsələlər, xüsusilə Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.

 

Sonda layihənin gələcək fəaliyyəti müzakirə edilib.