Bakı Slavyan Universitetində (BSU) “Elimizə Bahar gəlir” adlı Novruz  şənliyi keçirilib.

 

BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Novruz bayramı münasibətilə universitetin kollektivini  təbrik edib, bildirib ki, xalqımızın əsrlər boyu qoruyaraq nəsillərdən-nəsillərə ötürdüyü dərin mədəni və tarixi ənənələri özündə əks etdirən Novruz bayramı dostluq, inkişaf, həmrəylik, birlik kimi dəyərləri özündə simvolizə edir. Rektorun sözlərinə görə,  Novruz bayramını Azərbaycan xalqının “Qəlbinin, ruhunun bayramı” adlandıran ulu öndər Heydər Əliyev bu bayramın dövlət səviyyəsində qorunmasını təmin edib.  

 

“Bir çox Şərq ölkələrinin ümumi dəyəri  olan Novruz bayramı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  davamlı fəaliyyətinin  nəticəsi olaraq  2009-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Biz xoşbəxt nəsilik ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında artıq ikinci Novruzu Qarabağda, Şuşada qeyd edirik”-deyə rektor A.Nağıyev vurğulayıb.

 

Ali təhsil ocağının rəhbəri bildirib ki, BSU-nun qarşısında yüksək keyfiyyətli təhsil proqramlarının, cəmiyyət, elm və iqtisadiyyatın inkişafında davamlı töhfələrə sahib olacaq elmi-tədqiqat nəticələrinin yaradılması kimi məsələlər durur:”Azərbaycançılıq məfkurəsinə, Vətən sevgisinə və yüksək biliyə sahib mütəxəssis hazırlığı bütün dövrlərdə qarşımızda duran əsas missiyalarımız olaraq qalır”.

 

Sonra tədbir bədii hissə ilə davam edib. Novruzun personajları Kosa və Keçəlin çıxışları, BSU-nun “Arzu” rəqs ansamblının ifa etdiyi milli rəqslər, vokal qrupunun “Novruz”, universitetin tələbəsi Aydan Şahgəldiyevanın  “Bir sevgi”, universitetin məzunu Ceyhun Arezin “Əğyar” və “Üçrəngli Zəfər”, tələbə Murad Hüseynlinin ifa etdiyi “Bakı” mahnıları və  Məktəb-Lisey Kompleksi şagirdlərinin hazırladıqları “Bahar” kompoziyası tədbir iştirakçılarında xoş ovqat yaradıb.