Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

 

BMU-nun rektoru, professor Havar Məmmədov 1918-ci ilin 31 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı aktı törədildiyini bildirib.

 

Rektor “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirdiyini nəzərə çatdırıb. 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsasının qoyulduğunu xatırladan H. Məmmədov bu siyasətin ən dəhşətli təzahürünün 1918-ci ilin mart ayında özünü göstərdiyini vurğulayıb. Qeyd edib ki, Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, eləcə də yaşayış məntəqələri, mədəniyyət və tarixi abidələr, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılıb.

 

Baş verən dəhşətli hadisələrə adekvat siyasi qiymətin 80 il sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı müvafiq fərmanla verildiyini söyləyən rektor məhz həmin tarixi sənədlə 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini önə çəkib.  

 

Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi yönündə ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu və düşünülmüş siyasəti vurğulayan H.Məmmədov dövlət başçısının müvafiq sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasından da danışıb. 

 

Daha sonra BMU-nun Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev mart hadisələri ilə bağlı geniş məruzə ilə çıxış edib. Arxiv sənədlərinə, tarixi mənbələrə istinad edərək türklərə qarşı zaman-zaman gerçəkləşdirilən soyqırımı siyasətindən ətraflı danışan B.Dədəyev 1918-ci ilin mart hadisələrinə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan sonra xüsusi diqqət yetirildiyini deyib. Cəmi 23 ay yaşayan AXC-nin süqutu ilə həmin prosesin dayandırıldığını fikirlərinə əlavə edən məruzəçi ulu öndər Heydər Əliyev tərəfindən mart hadisələrinə siyasi-hüquqi qiymət verildikdən sonra bu faciənin ölkə daxilində və xaricində geniş təbliğ olunduğunu bildirib.