Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC (STDC) arasında əməkdaşlıq davam etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun informasiya və telekommunikasiya texnologiyaları və energetika və avtomatika fakültələrinin bakalavr və magistrant tələbələri “STDC” MMC-nin təşkil etdiyi “Cisco CCNA v7” və "Big data” mövzuları üzrə təlimlərdə iştirak etmək üçün imtahan verib.

 

AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının tərkibində yaradılan “STDC İT” laboratoriyasında təşkil edilən imtahanın sualları “STDC” MMC tərəfindən tərtib olunub. İmtahanın gedişinə AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının, Karyera və Məşğulluq Mərkəzinin, həmçinin “STDC” MMC-nin məsul şəxsləri nəzarət edib.

 

Qeyd edək ki, “STDC” MMC-nin təlimlərində iştirak üçün 160 tələbə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən tələbələrin təlimlərdə iştirakı üçün keçirilən imtahanlar növbəli şəkildə davam etdiriləcək.

 

Nəticələr elan olunduqdan sonra seçilmiş namizədlər təlimlərdə iştirak hüququ qazanacaqlar.