Sumqayıt Dövlət Universitetində (SDU) “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

 

Öncə SDU-nun rektoru, professor Elxan Hüseynov və Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Böyük Akt zalında keçirilən tədbirdə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, F.Azadəliyev, idarənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və  universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

 

Universitetin rektoru, professor Elxan Hüseynov müasir dövrdə insan sağlamlığına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən danışıb. Rektor narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin universitetdə keçirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirən rektor bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

 

Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi A. Bağırov, Narkoloji Dispanserin həkimi V.Cabbarov, Gənclər və İdman Baş İdarəsinin rəisi E.Hümbətov narkomaniya əleyhinə keçirilən tədbirlər,  narkomaniyanın fəsadları və nəticələri, ondan qorunmağın yolları, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların asudə vaxtının səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlər barədə  danışıb.

 

Sonra narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.

 

Polis polkovniki F.Azadəliyev mövzu ilə bağlı çıxış edərək ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verib.

 

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.