Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Tehranağa Abdullayev və Ağca Məmmədova Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

 

Universitetin müxtəlif fakültələrindən olan nümayəndələrin iştirakı ilə görüş keçirən Təhsil Tələbə Krediti Fondunun nümayəndələri tələbə krediti haqqında ətraflı məlumat verib, bununla bağlı slayd təqdim ediblər.
 

Bildirilib ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi” təsdiq edilib.

 

Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.


Sonda görüş iştirakçılarını maraqlandıran suallar fond nümayəndələri tərəfindən cavablandırılıb.