Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycanda siyasi diskurs” mövzusunda elmi seminar keçirilib. Seminarda Filologiya fakültəsinin  müəllim heyəti, magistrlar və tanınmış  bir qrub dilçi alimləri iştirak ediblər. Seminarı BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva   açaraq, tədbir haqqında  məlumat verib.

 

Sonra  elmi seminarda əsas məruzəçi kimi çıxış edən  Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev əvvəlcə diskurs haqda ümumi məlumat verib, bu sahə üzrə dünyanın tanınmış alimlərinin tədqiqatları barədə xülasə təqdim edib. Məruzədə T.Van Deyk, Jak Lakan, T.Nikolayeva, Y.Şeyqal, F.de-Sössür, J.Blommart və başqalarının diskurs, eləcə də siyasi diskursla bağlı fikirləri müqayisə edilib,  Avropa dilçiliyində bu məsələyə baxış təhlil olunub.

 

Azərbaycan dilçiliyində siyasi diskursun tarixi haqda danışarkən F.Şiriyev 1501-ci ildən sonra Ş.İ.Xətainin verdiyi dövlət fərmanları ilə həmin tarixin başlandığını vurğulayıb, XX əsrin əvvəllərində artıq yüksək səviyyəyə çatdığını nümunələrlə şərh edib.

 

F.Şiriyev ulu öndər Heydər Əliyevin 1969-cu ildə BDU-nun 50 illik yubileyindəki çıxışından bir hissəni səsləndirərək siyasi diskursun həmin dövrdən yeni mərhələyə daxil olduğunu bildirib. Həmçinin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdəki unudulmaz çıxışını son dövrlərin mükəmməl siyasi diskurs nümunələrindən biri kimi səciyyələndirib. Eyni zamanda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi günlərində xalqa müraciətlərinin diskursiv keyfiyyətləri haqda ətraflı danışıb, onların linqvistik təhlilini verib. Seminarda  məruzənin maraqlı və effektli olmasını şərtləndirən amillərdən biri də 50-yə yaxın slaydın nümayişi olub. Daha sonra seminarda  məruzə ətrafında digər çıxışlar dinlənilib.

 

Sonda F.Şiriyev sualları  cavablandirıb.

 

Şakir CƏFƏROV