Malayziyanın Cənub-Şərqi Asiya məkanında kifayət qədər nüfuzlu ali məktəbi sayılan Petronas Texnologiya Universiteti (PTU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri arasında görüş keçirilib. Görüşdə tərəfləri maraqlandıran birgə əməkdaşlıq məsələləri, o cümlədən təcrübə və tələbə mübadiləsi, elmi tədqiqatçıların qısa və uzundövrlü qarşılıqlı ezamiyyələrinin təşkili, müştərək elmi layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qarşıdakı həftələrdə Azərbaycana səfəri nəzərdə tutulan PTU nümayəndə heyətinin səfər gündəliyinin səmərəli təşkili məqsədilə ilkin fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı ADNSU əməkdaşlarına universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, PTU nümayəndə heyətinə isə bu ali təhsil müəssisəsinin vitse-kansleri Mohamed Mutalib başçılıq ediblər.