Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnsititutunun (AQTİ) əməkdaşları arasında görüş keçirilib.

 

Görüşdə fakültənin dekanı Fuad Kərimli, Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, Analitik kimya kafedrasının professoru Xəlil Nağıyev, AQTİ-nin aparat rəhbəri Xalid Bayramlı və institutun şöbə müdiri Nihad Quliyev iştirak edib.

 

Görüşdə kimya fakültəsində görülən işlər, tədris prosesi, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. F.Kərimli təhsil sahəsində həyata keçirilən islahatlar, elm, təhsil və sənayenin qarşılıqlı əlaqəsi haqqında danışıb. 

 

X.Bayramlı AQTİ-nin fəaliyyəti haqqında geniş məlumat verərək, Kimya və Kimya mühəndisliyi ixtisaslarının tələbələri üçün bakalavriat və magistratura səviyyələrində istehsalat təcrübəsinin əhəmiyyətindən və institutda yaradılacaq şəraitdən bəhs edib. 

 

Görüş zamanı gələcəkdə magistratura səviyyəsi üzrə Qida məhsullarının kimyəvi ekspertizası ixtisaslaşmasının açılmasının nəzərdə tutulduğu qeyd olunub, birgə əməkdaşlıq üçün fəaliyyət planı müzakirə edilib.

 

İnstitutla yaxından tanışlıq üçün laboratoriyalara baxış keçirilib.