“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Azərbaycan Milli Ensiklopediyasının növbəti 10-cu cildi çap olunub.

 

Milli ensiklopediyanın satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Bakıda “Şərq-Qərb” ASC-nin mətbəəsində nəşr edilib.

 

Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri indiyə qədər Almaniyada çap edilirdi. Nəzərdə tutulan vaxtda çapa hazır olmasına baxmayaraq, 10-cu cildin Almaniyada buraxılması pandemiya şəraitindən irəli gələn çətinliklərə görə reallaşmayıb. Cildin həcmi 75 şərti çap vərəqi təşkil edir (600 səhifə). Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 10-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərlə verilib.

 

Ensiklopediyanın bütün cildlərində olduğu kimi, bu cildində də dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahları yer alıb. Bütün materiallar ensiklopedik materialların hazırlanma prinsipləri üzrə və elmi mərkəzin rəsmi təsdiq olunmuş “Metodik göstərişlər”inə uyğun hazırlanıb.

 

Respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər ensiklopediyanın hazırlanmasında iştirak ediblər. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində hazırda milli ensiklopediyanın növbəti 11-ci cildi çapa hazırdır, növbəti cildlər üzərində isə iş gedir.