Azərbaycan Texnologiya Universitetində (UTECA) rektor, professor Akif Süleymanovla "Gəncə İş Adamları" İctimai Birliyinin sədri Zəfər Məmmədovun görüşü olub.

 

Rektor, professor A.Süleymanov ölkə başçısının sahibkarlara diqqət və qayğısından, sahibkarlığın inkişafına dövlət dəstəyindən danışıb. Bildirib ki, UTECA "Gəncə İş Adamları" İctimai Birliyi ilə əməkdaşlıqda maraqlıdır. Professor tədris və sənaye  üzrə müşaviri Aqil Eyvazovun "Gəncə İş Adamları" İB-nin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri seçilməsini də təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, sənaye sahələri ilə əlaqələr, məzunların işlə təmin olunması Azərbaycan Texnologiya Universitetinin prioritetləri sırasındadır və universitet iş adamlarına hərtərəfli elmi dəstək göstərməyə də hazırdır. 

 

"Gəncə İş Adamları" İctimai Birliyinin sədri Z.Məmmədov sahibkarlığın inkişafında elmi yanaşma və kadr təminatı baxımından Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq niyyətində olduqlarını deyib. Z.Məmmədov universitetin ixtisas profillərinin təşkilatın maraqlarına uyğun gəldiyini, elmi potensialdan yararlanmağa ehtiyac olduğunu vurğulayıb.  

 

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.