Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda ustad dərsi keçirilib.

 

Tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Ə.İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

 

Sonra Ə.İsmayılov “Media haqqında” qanunun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Ustad dərsində medianın problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.

 

İnteraktiv formada keçirilən ustad dərsində tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.