Bu gün insanların təbiətə təsiri planetar miqyasda həyata keçirilir, buna görə də cəmiyyətin inkişafının indiki mərhələsində təbiət elmləri xüsusi əhəmiyyət kəsb edir. Pedaqoji ixtisasların bugünkü tələbələri  “XXI əsrin insanı” nəslinə dərs deməli olacaq. Onların şagirdləri üçüncü minillikdə planetimizin taleyinə cavabdeh olacaqlar. Bəs onlar başa düşə biləcəklərmi ki, insanın təbiətlə münasibətlərində riayət etməli olduğu yeganə yol onun qanunlarından şüurlu şəkildə istifadə etmək üçün bu qanunları bilməkdir? Gələcək nəslin ekoloji mədəniyyətinin inkişaf səviyyəsi daha çox müəllimin həyati biliklərin tədrisi metodikası ilə həyata keçirilməsi nəzərdə tutulan elmi və metodik hazırlığından asılıdır.

 

Ona görə də yerli və beynəlxalq təcrübələr nəzərə alınmaqla, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinə bu vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaq yeni fənn - Həyat bilgisi daxil edilmişdir.  Həyat bilgisi konkret bir elmin əsaslarını öyrətmir. Bu fənn ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Ümumtəhsil məktəblərində tədris olunan həyat bilgisi fənni şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. Geniş əhatə dairəsinə malik olan “Həyat bilgisi” fənni şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmə, öz nöqteyi nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu vardır.

 

“Həyat bilgisi” fənni inteqrativ kurs olmaqla, özündə aşağıdakı bölmələri birləşdirir: canlılar aləmi (insan, flora, fauna); cansız təbiət (Yer planeti, kainat, su, torpaq, minerallar); insan və cəmiyyət (şəxsiyyət, kollektiv, ailə, şəhər, kənd, din, ölkəmiz, dövlətimiz və onun atributları); sağlamlığımız (sağlam həyat tərzi, xəstəliklər və onların qarşısının alınması, gigiyena, idman, düzgün qidalanma, səhiyyə obyektləri, təhlükəsizliyimiz, turizm və istirahət zonalarımız); həyatımız (evimiz, paltarımız, məişət texnikamız, bayramlarımız, adət-ənənələrimiz); iqtisadiyyat (gəlir və ehtiyaclar, büdcə, pul, sığorta, vergilər); mədəniyyət və incəsənət (incəsənətin qədim sahələri, tarixi incəsənət abidələri, mədəni irs, musiqi, təsviri incəsənət, təhsil, muzey və sərgilər).

 

“Həyat bilgisi” fənninin ibtidai siniflərdə şagirdlərə tələb olunan səviyyədə öyrədilməsi gələcək müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. Bu vəzifənin yerinə yetirilməsi məqsədilə ali və orta ixtisas məktəblərinin pedaqoji və məktəbəqədər tərbiyə fakültələrində tədris olunan “Həyat bilgisinin tədrisi metodikası” kursunun böyük rolu var. “Həyat bilgisinin tədrisi metodikası” fənni gələcək ibtidai sinif müəllimlərini “Həyat bilgisi” fənninin tədrisinə hazırlayır.

 

Bu kursun nəzəri əsasını təbiət elmləri, sosial-iqtisadi biliklər, pedaqogika və psixologiya təşkil edir. Praktiki bacarıqların inkişafı pedaqoji təcrübələrin keçməsi prosesində həyata keçirilir.

 

Dünyanın idrak metodlarının öyrənilməsi gənc müəllimlərə təhsilin məqsədlərini şüurlu və yaradıcı şəkildə formalaşdırmağa, ibtidai məktəbdə təbiətşünaslıq tsiklinin fənləri üzrə təlim məşğələlərinin keçirilməsinin məzmununu, formalarını, üsul və vasitələrini seçməyə kömək edəcəkdir.

 

“Həyat bilgisinin tədrisi metodikası” bir elmdir,  onun özünəməxsus tədqiqat obyekti, yalnız ona xas olan elmi anlayışlar sistemi, müəyyən metodoloji əsaslar, spesifik tədqiqat üsulları vardır və o digər  pedaqoji elmlər arasında xüsusi yer tutur.

 

Təbiət öz  sonsuz müxtəlifliyi ilə bizi əhatə edən dünyadır, o, insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. Təbiətin nə başlanğıcı, nə də sonu var, zaman və məkanda sonsuzdur, daimi hərəkətdə və dəyişmədədir.

 

Akademik fənn kimi dünya və həyat haqqında biliklər təbiət elmləri ilə sıx bağlıdır, lakin məqsədi, həcmi, strukturu, metodları və təqdimat forması baxımından məktəb fənni ilə təbiət elmləri arasında mühüm fərqlər vardır. Təbiət elmlərinin məqsədi tədqiqat yolu ilə təbiət haqqında yeni məlumatlar əldə etməkdir. Onlardan fərqli olaraq, metodika təbiətin inkişaf qanunauyğunluqlarını deyil, şagirdlərə təbiət elmlərinin əsaslarının öyrədilməsi məqsədi ilə pedaqoji prosesin qanunauyğunluqlarını öyrənir.

 

“Həyat bilgisi” fənninin məqsədi şagirdlərə təbiət  və cəmiyyət haqqında, elmin əldə etdiyi faktlar, təbiət və cəmiyyətdəki qanunauyğunluqlar haqqında elementar məlumatlar vermək, tədqiqat işinin ən sadə vərdişlərini formalaşdırmaqdan ibarətdir. Eyni zamanda, məlumat məktəblilərin yaş xüsusiyyətləri nəzərə alınmaqla diqqətlə seçilir. Biliyin strukturu və mövzuda onların təqdim edilməsi forması dünyanın idrak metoduna xas olan ümumi pedaqoji və spesifik prinsiplərlə müəyyən edilir. 

 

İbtidai təhsilin həyata keçirilməsi yüksəkixtisaslı, savadlı və dünyagörüşlü müəllimlər tələb edir. “Həyat bilgisinin tədrisi metodikası”nın ən mühüm vəzifələrindən biri təbiət və cəmiyyət elmlərinin predmeti arasındakı əlaqənin aydınlaşdırılması və bunun əsasında tədris materialının seçilməsidir.

 

“Həyat bilgisinin tədrisi metodikası” məktəbdəki “Həyat bilgisi” fənninin xüsusiyyətlərinə görə kiçikyaşlı şagirdlərin öyrənmə və inkişaf prosesi sistemi haqqında elmdir. Bu problemlərin həlli “Həyat bilgisinin  tədrisi metodikası”nın bağlı olduğu müxtəlif elmlərin biliklərinin inteqrasiyasını tələb edir. “Həyat bilgisinin tədrisi metodikası” bir çox elmlərlə və hər şeydən əvvəl yuxarıda qeyd olunan təbiət elmləri ilə sıx bağlıdır. Təbiət elmləri metodistin ixtiyarına təkcə “Həyat bilgisi” üzrə məktəb fənninin qurulması üçün elmi material deyil, həm də təbiəti öyrənmək üsullarını verir.

 

Fəlsəfə istənilən elmin, o cümlədən dünyanın idrak metodlarının metodoloji əsasını təşkil edir. O, idrakın ümumi prinsipləri və üsulları sistemini işləyib hazırlayır. Fəlsəfi fikirlər elmi tədqiqatın istiqamətini müəyyən edir. Biliyin dialektik nəzəriyyəsi əsasında təbiətşünaslıq anlayışlarının formalaşması və inkişafının metodikası hazırlanır. Metodikanın “təlim məzmunu”, “öyrənmə formaları”, “tədris metodları” kimi əsas anlayışlarını müəyyən edərkən onların fəlsəfi mənşəyini asanlıqla aşkar etmək olar.

 

Daha ənənəvi əlaqə “Həyat bilgisinin tədrisi metodikası”nın pedaqogika ilə əlaqəsidir. Pedaqogika metodikanı didaktik və təhsil nəzəriyyəsi biliklərilə zənginləşdirir. Didaktika öyrənmənin nəzəri əsaslarını inkişaf etdirir. O, bütün məktəb fənləri üçün ümumi olan təhsilin prinsiplərini, metodlarını, vasitələrini və formalarını vurğulayır. Metodika nəzəriyyəsini təlim və tərbiyənin ümumi nəzəriyyələrindən ayrı qurmaq mümkün deyil.

 

Müasir pedaqoji konsepsiyalar metodika elminin inkişafına böyük təsir göstərir. Hazırda “Həyat bilgisinin tədrisi metodikası”nda  öyrətmənin inkişafetdirici  pedaqoji texnologiyalarına əsaslanan bir neçə alternativ inkişaf istiqamətləri yaranmışdır. Təlim texnologiyaları dedikdə, "optimal təlim sistemlərinin layihələndirilməsi, təhsil proseslərinin konstruksiyası ilə məşğul olan yeni pedaqoji  istiqamət" başa düşülür. Ehtimal olunur ki, pedaqoji texnologiya istənilən müəllim tərəfindən yaradıla bilər.

 

“Həyat bilgisi tədrisi”nin metodoloji əsaslarını hazırlayarkən kiçikyaşlı şagirdlərin psixikasının inkişaf qanunauyğunluqlarını öyrənən psixologiya elminə müraciət etməmək mümkün deyil. “Həyat bilgisi” dərslərində müxtəlif fəaliyyətlərin planlaşdırılmasının əsasında psixologiya ideyaları dayanır. Müəllimin uşaqların idrak proseslərinin gedişatının xüsusiyyətlərini bilməsi xüsusilə vacibdir. Bu, şagirdin şüurunda təsəvvür və anlayışların formalaşma şərtlərini müəyyən etməyə kömək edəcəkdir.

 

Tədris prinsiplərinin, metodlarının, formalarının və vasitələrinin düzgün seçilməsinin meyarı tədris materialının mənimsənilməsində yaş xüsusiyyətlərinin nəzərə alınmasıdır. Tədris metodları şagirdlərin təcrübə və idrak qabiliyyətlərinin inkişaf səviyyəsinə uyğun olaraq dəyişir.

 

Qeyd etmək lazımdır ki, metodikanın digər elmlərlə əlaqəsi mexaniki əlaqəni deyil, onların qarşılıqlı əlaqəsini və qarşılıqlı zənginləşməsini nəzərdə tutur.

 

Svetlana ƏHMƏDOVA,

ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təbiət elmləri FBK-nın sədri