Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

 

Universitetin rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu deyib, onu “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib. Akademik bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının Türkiyə universitetləri ilə sıx əlaqəsi var. 

 

Görüşdə Erasmus+ və Mövlana proqramları ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda ADU-nun tələbə və müəllimlərinin Türkiyə universitetlərində təcrübə keçmək məsələsi, “Azərbaycan multikulturalizmi” fənninin Türkiyə universitetlərində tədrisi müzakirə olunub.

 

Səfir Cahit Bağcı iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb, türkiyəli gənclərin ADU-da təhsil almasını yüksək dəyərləndirib. “Səfir saatı”nda tələbələrlə görüşməyi məmuniyyətlə qəbul edən diplomat səslənən təklifləri müsbət dəyərləndirib və əlaqədar qurumlarla danışıqlar aparacağını diqqətə çatdırıb.