Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlı tədbir keçirilib.

 

Tədbirdə universitetin rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq struktur bölmələrin rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər.

 

Rektor,  professor Cəfər Cəfərov bildirib ki, Azərbaycana ümummilli lider Heydər Əliyev kimi təcrübəli bir şəxsin rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyev faktoru 1993-cü ildə ölkəmizi tam işğal olunmaq, bir neçə hissəyə parçalanmaq, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yoluna qədəm qoydu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. 

 

Natiq diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 10 il ərzində  formalaşdırdığı  möhkəm bünövrə əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət sayəsində 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, təcavüzkar ölkə təslim aktını imzalamağa məcbur oldu:”Təxminən il yarımdır ki,  dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi və nəzarəti altında düşmən tapdağından azad olunmuş torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq, bərpa-abadlıq işləri görülür, Qarabağa böyük qayıdışın tezləşməsi üçün zəruri addımlar atılır”.

 

Sonra çıxış edən professor Oqtay Sultanov Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məruzə edib.

 

Tələbələr adından söz alan tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Tərlan Ağayev isə dahi şəxsiyyətin gənclərlə bağlı uzaqgörən siyasətindən söz açıb.

 

Bədii hissədə incəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi Cavid Hüseynov Heydər Əliyevin ən çox sevdiyi xalq mahnılarından biri olan “Küçələrə su səpmişəm”, fakültənin tələbə xor kollektivi isə mərhum bəstəkar Nailə Mirməmmədlinin “Ulu öndər” mahnısını ifa edib. Tədbirdə, həmçinin tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Bilqeys Abbasova “Ulu öndər” şeirini səsləndirib.

 

Sonda universitetin bir neçə müəllim və tələbəsinə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.