Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East3) qrup rəhbəri Piter Qlerum Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda olub.

 

Sözügedən Şərq proqramının 3-cü mərhələsinin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində fəlakət risklərinin azaldılması və böhranların idarə edilməsi fəaliyyətinin gücləndirilməsi, Aİ-nın Mülki Müdafiə Mexanizmi ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir. Proqram çərçivəsində tərəfdaş ölkələrin müvafiq Mülki Müdafiə institutlarının fəlakət risklərinin qarşısının alınması, o cümlədən təbii və texnogen xarakterli fəlakətlərə hazırlıq və cavab tədbirləri sahəsində bacarıqlarının artırılması, qeyd olunan sahələrdə milli inklüziv yanaşmanı təşviq etməklə bütün müvafiq orqanları, vətəndaş cəmiyyəti, eləcə də elmi tədqiqat institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.      

 

Tədbirdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, fəlakət risklərinin qiymətləndirilməsi, risk xəritələri və erkən xəbərdarlıq sistemləri sahələrində gələcək birgə fəaliyyət imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.