Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikasının direktoru, professor Kristof Reissfelder və klinikanın əməkdaşı, tədqiqatçı alim, həkim Vüqar Yaqublu Bakı Dövlət Universitetinin (BDU) biologiya, fizika və kimya fakültələrinin bir qrup əməkdaşı ilə görüşüb. Görüşdə məqsəd prioritet olan sahələrdə elmi mübadilə proqramı çərçivəsində tədqiqatların aparılması üçün istedadlı gənclərdən ibarət tədqiqat qrupunun yaradılmasıdır.

 

Görüşdə Almaniyanın Heydelberq Universiteti ilə BDU və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq çərçivəsində magistratura, doktorantura səviyyələrində gənclərin tədqiqat qruplarına cəlb edilməsi, birgə fəaliyyət nəticəsində görülə biləcək işlərin planlaşdırılması, ölkə üçün vacib olan tədqiqatların aparılması mexanizmlərinin qurulması məsələləri müzakirə edilib.

 

Müzakirələrdən sonra professor Kristof Reissfelder tələbələrə ustad dərsi keçib. O,  gənclərin ölkələrarası elmi mübadilə proqramlarına cəlb edilməsinin yolları barədə danışıb. Daha sonra Mannheim Klinikasının laboratoriyaları haqqında gənclərə məlumat verib, tədqiqat layihələrində işləmə prinsiplərini izah edib, alınmış nəticələrin analizi və nəşri haqqında tövsiyələrini bölüşüb.

 

Görüşün sonunda Kristof Reissfelder tələbələrin suallarını cavablandırıb.