Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib. 

 

Tədbirdə gənclər və İdman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov, qazilər və digər rəsmilər iştirak edib. 

 

Yarış iştrakçılarının hərbi paradından və sıra düzülüşündən sonra rəsmilərin çıxışları başlayıb. 

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.

 

Maraqlı mübarizə şəraitində keçən final yarışında Nizami rayon komandası I yerə, Sumqayıt şəhər komandası II yerə, Ordubad rayon komandası isə III yerə layiq görülüb. Qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.