Azərbaycan  Dövlət Pedaqoji Universitetində (ADPU) MBA (Təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşmasının magistrantları ilə “Təhsil liderliyi – xarakter, yoxsa vəzifə” mövzusunda dərs-görüş keçirilib.

 

ADPU-nun Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov tərəfindən təşkil olunan dərs-görüşdə “AAAF Holdinq”in vitse-prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev və onun komandasının üzvləri, ADPU-nun baza məktəbi, - M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Könül Təhməzova, habelə magistrantlar iştirak ediblər.

 

Dosent Ə.İmanov bildirib ki, Pedaqoji Universitetdə ölkədə ilk dəfə olaraq cari ildə  MBA - Biznesin təşkili və idarə olunması ixtisasının “Təhsilin təşkili və idarə edilməsi” ixtisaslaşması üzrə magistraturaya qəbul aparılıb. Qeyd edib ki, hazırkı dərs-görüş də məhz həmin ixtisaslaşmada tədris olunan Təhsildə liderlik kursu çərçivəsində idarəetmə sahəsində  tanınmış  mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

 

Sonra təlimçi Fəxri Ağayev öz təqdimatında idarəetmə məsələlərində peşəkar yanaşmalar və şəxsi təcrübəsi əsasında magistrantlarla uğurlu karyera quruculuğu haqqında geniş diskussiya aparıb. Onun sözlərinə görə, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir:”Onlar ali təhsilin bitməsi ilə də durmamalı, daim inkişafda olmalıdırlar. Bunun üçün, ilk növbədə mütaliəni özlərinin gündəlik ehtiyacları kimi müəyyənləşdirməlidirlər”.

 

“Çalışdıqca, liderlik bacarıqlarının anadangəlmə olmadığını, ancaq zaman keçdikcə təlim, qavrayış, bilik, bacarıq, səriştə və təcrübə ilə öyrənilməli olduğunu aydın şəkildə görəcəksiniz. Zamanla dedikdə, həqiqətən bir ömür boyu nəzərdə tutulur. Çünki uğurlu insanlar öyrənməyi dayanıqlı olaraq davam etdirməlidirlər”-deyə təlimçi  magistrantlara bildirib.

 

Dərs-görüşün davamında “Azersun Holding”in  bölmə rəisi İlqar Kərimov, “Azrib” şirkətinin satış direktorunun müavini Zəka Cəmilov, “Aztrade Company”in təsisçisi Röyal Umudov, SOCAR-ın əməkdaşı Ramin Quliyev, AROC LLC-nin sahə rəisi Ruslan İsmayılov, 7 nömrəli məktəbin direktoru Könül Təhməzova da öz idarəçilik karyeralarında qazandıqları bilik və təcrübələrini magistrantlarla bölüşüblər.

 

Təqdimatlardan sonra ekspertlər uğurlu karyera quruculuğu mövzusunda magistrantları maraqlandıran sualları cavablandırıblar.