Bakı Ali Neft Məktəbində (BANM) Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, BANM-ın rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionu Fərid Mansurov, Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının nümayəndələri iştirak ediblər.

 

Çempionatın açılışında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən və Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi bu yarışı əlamətdar hadisə olaraq qiymətləndirib: “Mən həmişə Bakı Ali Neft Məktəbinə gələndə çox böyük qürur hissi keçirirəm. Müasir tələblərə və standartlara cavab verən, ən yeni avadanlıqlarla təchiz edilmiş kampusu, idman zalı hər bir azərbaycanlını sevindirməlidir. Ali təhsil ocaqları arasında basketbol yarışları bir neçə il idi ki, keçirilmirdi. Artıq çempionatın başlaması və belə şəraitdə keçirilməsi sevindiricidir”.

 

BANM-ın rektoru E.Qasımov isə qeyd edib ki, basketbol universitetlər arasında ən geniş yayılan idman növlərindən biridir və onun geniş yayılmasında təhsil naziri Emin Əmrullayevin böyük rolu var. Rektor ali məktəblərdə idman klublarının fəaliyyətinin vacibliyini də vurğulayaraq BANM-də 20-yə yaxın klub olduğunu deyib. E.Qasımov 29 komandanın mübarizə aparacağı çempionatda dostluq və mehribanlığın qalib gələcəyinə əminliyini bildirib.

 

Tədbirdə çıxış edən Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov çempionat iştirakçılarına uğurlar arzulayıb.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə respublika çempionatında 24 oğlan, 5 qızlardan ibarət olmaqla, 29 komanda (24 universitet) iştirak edir. 

 

Çempionatın ilk oyunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Bakı Dövlət Universitetinin komandaları arasında baş tutub və akademiyanın tələbələri 77-52 hesabı ilə qalib gəliblər.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri ilə ev sahibi Bakı Ali Neft Məktəbinin tələbələri arasında keçirilməsi nəzərdə tutulan oyunda isə birinci komandanın iştirak etməməsi səbəbindən BANM-ın komandasına texniki qalibiyyət verilib.