Bakı Mühəndislik Universitetində (BMU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən maliyyələşdirilən  “Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması məqsədilə innovasiyalar üzrə strateji yol xəritəsinin hazırlanması” layihəsi ilə əlaqədar ölkəmizdə səfərdə olan işçi qrupla görüş keçirilib.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Koreya İnkişaf Strategiya İnstitutu ilə cari ildən birgə icra etdiyi layihədə BMU-nun tərəfdaş kimi iştirakı üçün ilkin danışıqlar aparılıb və müsbət rəy alınıb.

 

Görüşdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov ali təhsil ocağının beynəlxalq əlaqələrindən və beynəlxalq layihələr çərçivəsində həyata keçirilən proqramlardan söz açıb. Prorektor artıq 2 ildir ki, BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində görülən işləri də nəzərə çatdırıb.

 

BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov ali təhsil ocağının fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. BMU-da mövcud olan fakültələr və ixtisaslar barədə məlumat verən A.Nəcimov universitetdə ali təhsilin bütün səviyyələri üzrə tədrisin aparıldığını vurğulayıb. Təqdimatda BMU-nun maddi-texniki bazası, müasir laboratoriyaları barədə zəruri informasiyaları diqqətə çatdıran baş mütəxəssis universitetin nəzdində yaradılan Xırdalan Seconq İnstitutunun fəaliyyətinə, hazırda icra olunan müxtəlif təlim proqramlarına və digər əməkdaşlıq istiqmətlərinə toxunub.

 

Startap Ekosistem üzrə müşavir Kevin (Kyu Hüang) Yeon Cənubi Koreyada startapların inkişaf yolu barədə təqdimatında ölkəsində həyata keçirilən, həmçinin dövlətin dəstəklədiyi startap layihələrinə yer ayırıb.

 

İdarəetmə elmi üzrə dosent və “TechEdu Inc” şirkətinin rəhbəri  Lee, Jeong Hoon “Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması məqsədilə innovasiyalar üzrə strateji yol xəritəsinin hazırlanması” layihəsinin əsas məqsədi barədə danışıb.

 

Sonra toplantıda gələcək əməkdaşlıq imkanları və istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Sonda layihənin işçi qrupu universitetin kampusu, laboratoriyaları və Texnoparkı ilə yaxından tanış olublar.