Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə 4 rezident – “Elm və Texnologiyalar Parkı”,  “Beyt”, “Təcrübə-Sənaye Zavodu”, “Proline Chemicals” MMC-lər və bir inkubator-rezident – “Troniq” MMC-nin təqdim etdiyi layihələrlə təmsil olunacaq.

 

Bu barədə məlumat verən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Azərbaycanda yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlərin, əldə olunan uğurların “Teknofest Azərbaycan” kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi üçün zəmin yaratdığını qeyd edib. O, bu istiqamətdə əldə olunan nailiyyətlərə YTP-nin də öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi texnopark ölkəmizdə innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına və elmin kommersiyalaşdırılmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verir.

 

Baş direktor sərgidə AMEA-ya göstərilmiş böyük etimadın nəticəsi olaraq ayrılmış pavilyonda texnopark tərəfindən təqdim olunacaq innovativ nailiyyətlərdən, ən müasir texnoloji məhsullardan bəhs edib.

 

“Sərgidə təqdim ediləcək texnoloji məhsullarımız arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları yer alıb”, - deyə V.Abbasov bildirib.

 

O, Akademiyanın bir sıra institut və təşkilatları ilə birgə həyata keçirilmiş texnoloji layihələrin də festival çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacağını qeyd edib.