Azedu.az təhsil portalının təşkilatçılığı ilə təhsildən yazan jurnalistlərlə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri bir araya gəlib.

 

Jurnalistlər millət vəkilləri ilə təhsil sahəsinə aid bir sıra məsələləri müzakirə ediblər.

 

Məktəbli intiharlarına münasibətdə kütləvi informasiya vasitələrinin mövqeyi ilə bağlı narahatlıq ifadə olunub. Deputat Kamilə Əliyeva şagird və yeniyetmələrin intihar videogörüntülərinin yayılmasının psixoloji problemlərə yol açdığını əsas gətirərək Milli Məclisdə məsələ qaldıracağını deyib.

 

Məktəblərlə bağlı xoşagəlməz videoların mənfi təsirinə millət vəkili Ceyhun Məmmədov da toxunub: “Bu kimi hallar müəllim və məktəbin nüfuzuna təsir edir. Belə materiallar yayımlandıqca şagirdlərin aqressiyası daha da artır, müəllimin nüfuzu isə aşağı düşür”.

 

Millət vəkili Musa Qasımlı isə bir sıra məsələlərə münasibət bildirərək aparılan islahatların uğurlu nəticələrini məhz insan faktoru ilə bağlayıb. Qeyd olunub ki, müəllimlərin işə qəbulunda həyata keçirilən yeniliklərə və bu sahədə əldə edilən uğurlu nəticələrə hər hansı kölgə salacaq addım atılmamalıdır.

 

Məsələyə millət vəkili Ceyhun Məmmədov da toxunub. O, kadrların yerləşdirilməsində yerli təhsili idarəetmə orqanlarına səlahiyyət verilməsinin müsbət nəticələnəcəyinə inandığını deyib: “Bu məsələdə yerli təhsili idarəetmə orqanları deyir ki, onlar problemləri daha yaxşı bilirlər. Doğrudan da, hər hansı dağ kəndində mövcud kadr problemini onlar daha tez həll edər. Burada əsas məsələ deyilən məqsədə xidmət edilməsidir”.

 

Deputat Musa Qasımlı dərslik probleminə də diqqət çəkib, həmçinin rus dilində tədrisin təşkili və “rus məktəbləri” anlayışları ilə bağlı məsələlərin də bir-birindən ayırd edilməsinin önəminə toxunub. Bildirib ki, Azərbaycanda rus məktəbləri yoxdur, rus və başqa dillərdə tədrisin təşkil edildiyi Azərbaycan məktəbləri var.

 

Jurnalistlərlə deputatların 2 saatadək çəkən fikir mübadiləsi maraqlı məqamlarla yadda qalıb.

 

Ruhiyyə  DAŞSALAHLI