Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi kimi vacib işlər... Green Start Academy xətti ilə görülən işlər, əldə olunan nəticələr diqqətəlayiqdir.

 

Təşkilatın əsas qayəsi milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin və məsuliyyətli bir öhdəlikdir ki, bu iş  valideynlərin və müəllimlərin üzərinə daha çox düşür. Təşkilat tərəfindən müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil etməklə onları nəzəri cəhətdən silahlandırmaq daim diqqətdə saxlanılır, müəllimlərə bu işə yaradıcı yanaşmaqla nəzəri biliklərini səriştəyə çevirmələrində yardım göstərilir. Qabaqcıl müəllimlərin təcrübələrini digər müəllimlərlə paylaşmasına dəstək olmaqla, onlara bir növ meydan açılır.

 

Green Start Academy-nin təsis olunmasının 3 ili tamam oldu. Peşəkar təhsil mütəxəssisləri ilə əməkdaşlıq edərək, gündən-günə auditoriyasını böyüdən Green Start Academy-nin yaşı az olsa da, hədəfləri böyük, arzuları  tükənməzdir.

 

Təşkilatın fəaliyyət istiqamətlərinə daxildir:

 

  • * Müəllimlər və tələbələr arasında təhsil, tərbiyə və psixoloji mövzularda maarifləndirici seminar və təlimlərin təşkil edilməsi;
  • * Məktəblərdə və universitetlərdə müəllim və təhsil ekspertləri ilə birgə qarşılıqlı müzakirə formasında söhbətlərin aparılması;
  • * Uşaq və valideynlərin birgə və səmərəli istirahətinin təşkili;
  • * Uşaqların zehni, sosial, cinsi və duyğusal inkişafı ilə bağlı psixoloji söhbətlərin aparılması;
  • * Respublikanın müxtəlif yerlərinə Akademik gəzintilərin təşkili;
  • * Müəllim və şagirdlərin maddi-mədəniyyət abidələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən yerlərə - şəhərdaxili və şəhərdənkənar muzeylərə, eyni zamanda tarixi yerlərə ekskursiyaların təşkil olunması;
  • * Yaşlıların vaxtının səmərəli təşkili - Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması;
  • * Kitab evlərində və kitab mərkəzlərində qiraət məşğələlərinin keçirilməsi;
  • * Uşaqların tətil günləri və həftə sonlarında düşərgə-campların təşkil olunması;
  • * Uşaqların dünyagörüşünün və peşə vərdişlərinin artırılması ilə bağlı master clasların keçirilməsi;
  • * Tarixi və əlamətdar günlərin qeyd olunması;
  • * Uşaq, valideyn və müəllimlərin mədəni istirahətinin səmərəli keçirilməsi məqsədilə kino və teatr günlərinin təşkil olunması;
  • * “Savadlı ana sağlam cəmiyyətin göstəricisidir” şüarı altında qadınların sosial həyatda fəallığının artırılması.

 

Green Start Academy olaraq hər zaman yanınızdayıq

 

Təşkilatın həmtəsisçisi və rəhbəri Aysel Rəsulzadə: “Bu gün ölkəmizdə təhsilin inkişafı müəyyən səviyyədə olsa da, dünyanın təhsildə öndə gedən ölkələrində bu sahədə daha sürətli inkişafın şahidi oluruq. Bu baxımdan dünya ölkələrinin təcrübələrini gətirib ölkəmizdə yaymaq, eyni zamanda da beynəlxalq konfrans və seminarların keçirilməsi ilə müəllimlərin öz təhsil səviyyəsini artırmaqda onlara yardım göstəririk. 3 il çox qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır. Bütünlüklə hədəf valideyn və müəllimlərə tuşlanmışdır. Niyə məhz müəllim və valideynlər? Çünki bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin əsas tərbiyəedici qüvvəsi evdə valideynlər, təhsil ocağında isə müəllimlərdir... Unutmayaq ki, övladlarımızın, şagirdlərimizin bizdən istəyəcəyi ən böyük şey sadəcə olaraq sevgi və öz duyğularını bizlərlə paylaşmaqdır. Bəli, yeganə əsas səbəb öz övladımıza və şagirdimizə bəslədiyimiz sevgidir. Cəmiyyətimizi - bu günümüzü və sabahımızı xoşbəxt görmək istəyiriksə, hər birimiz var gücümüzlə çalışmalı, sevgimizi övladlarımıza, eyni zamanda da şagirdlərimizə doyunca ötürməliyik. Bu işdə Green Start Academy olaraq  hər zaman sizin yanınızdayıq”.

 

Birlikdə gəzib, birlikdə öyrənirik

 

Green Start Academy-nin həmtəsisçisi, eyni zamanda Xarici əlaqələr bölməsinin rəhbəri Seymur Ağayev: “Valideynlərin öz övladları, müəllimlərin isə şagirdləri ilə asudə vaxt keçirmələri üçün yaz və yay ayları boyunca bölgələrimizi gəzərək Akademik gəzintilər təşkil edirik. Bu gəzintilər zamanı əsas məqsədimiz müəllim-şagird-valideyn əlaqələrini möhkəmləndirmək, həmçinin müəllim-şagird, valideyn-övlad həmrəyliyini qorumaq, birgə və səmərəli istirahətini təmin etmək, habelə, tarixi günlərdə və tətil günlərində maarifləndirici görüşlər keçirməklə şagirdlərin dünyagörüşünün artırılmasına xidmət etməkdir. Bu gəzintilər zamanı uşaqlar o qədər xoşbəxt görünürlər ki... Hər səfərin dönüşündə onların təəssüratlarını soruşduqda, onların sevinclərinin həddi-hüdudu olmur, o qədər deyəcəkləri olur ki... Bundan əlavə, Akademik gəzintilərdə hər daşında tarix yatan tarixi və mədəni abidələrimizi də  ziyarət edir, birlikdə gəzib, birlikdə öyrənirik. Eyni zamanda Xarici əlaqələr bölməsi olaraq işimiz dünyanın ən önəmli təhsil sərgiləri, beynəlxalq təhsil layihələri haqda təhsil ictimaiyyətini məlumatlandırmaq, həmçinin onların iştirakını bu cür beynəlxalq konfrans və seminarlarda təmin etməklə, təhsil səviyyəmizi yüksəltməyə nail olmaqdır. Fəaliyyətə başladığımız gündən etibarən dünyanın tanınmış təşkilatları və ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində bir sıra konfranslara imza atmış, yüzlərlə insanın birlikdə elm və təhsil sahəsində bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmışıq”.

 

Maraqlı layihələr, ürəkaçan nəticələr

 

Green Start Academy Valideyn Məktəbi adı altında müxtəlif layihələr həyata keçirir, övladlarımızın xoşbəxt və sağlam olması naminə pedaqoq, psixoloq, müəllim və həkimlərimizlə birgə, valideynlərə düzgün övlad tərbiyə verməkdə yardımçı olmağa çalışırlar.

 

Valideyn məktəbi

 

Valideyn Məktəbinin təsisçisi, “Sevgi pedaqogikası” layihəsinin rəhbəri Aysel Rəsulzadə: “Valideyn Məktəbini yaratmaqda məqsədimiz məhz övladı ilə düzgün münasibət qura bilən valideyn modeli yetişdirmək, bu sahədə ortaya çıxan problemlərin həllində valideynlərə yardımçı olmaqdır. Valideynlərin əsas məqsədi övlad yetişdirmək, onları gələcəyə hazırlamaqdır. Təəssüf ki, bu gün biz bəzən valideyn olandan sonra bunun nə qədər məsuliyyətli və çətin bir vəzifə olduğunu başa düşürük. Ona görə də, bəzən ailədə övladımızla bir çox problemlər ortaya çıxır. Bütün bu problemlər də cəmiyyətə, ətraf mühitə öz təsirini göstərir və çox böyük problemlərin yaranmasına gətirib çıxarır. Hər bir məsələnin, cəmiyyətin problemlərinin kökündə həm də ailədə övladın düzgün tərbiyə edilməməsi məsələsi dayanır. Bu baxımdan, valideynlər həm davranışlarında, həm danışıqlarında, ən xırda detalda belə, diqqətli olmalıdırlar. Valideyn Məktəbi olaraq bizim də işimiz bu istiqamətdə valideynlərə yaxından kömək etməkdir”.

 

Vətənə sevgi, vətənpərvərlik ruhu

 

“Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva: “2 ildən çoxdur ki, uşaq, yeniyetmə və gənclərin vətənpərlik ruhunda böyüməsi, Vətənimiz Azərbaycan üçün layiqli vətəndaş olmaları, ən əsası övladlarımıza təhsil verməzdən öncə vətən və insanlıq sevgisi kimi vacib dəyərləri aşılamaqdayıq. Bu görüşlərdə pedaqoji heyətin, təhsil işçilərinin çoxluğunu nəzərə alaraq maarifləndirmə məsələsini önə çəkərək vətənpərvərlik və insanlıq sevgisi istiqamətində seminar və vebinarlar təşkil etməkdəyik. Layihə çərçivəsində tarixi günləri qeyd edir, yaddaşımızın silinməz günlərini təhsil ictimaiyyəti ilə birlikdə anır, şagirdlərimizi tariximizin qürurlu günlərini yaşatmaları üçün əlimizdən gələni əsirgəmirik”.

 

Sağlam gələcəyə gedən yol...

 

“İlkin tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri, həkim-pediatr Aygün Cəfərli: “Həkim həmkarlarımızla birlikdə müəllim və valideynlərə ilkin tibbi bilikləri aşılamaqla övladlarının sağlamlıqlarının qeydinə qalmasında yaxından kömək etməyə çalışırıq. Sağlamlığımızı lap körpəlikdən düşünməli, hər zaman tibbi baxımdan məlumatlı olmalıyıq. Valideynlərin bu istiqamətdə maariflənməsində isə həm təhsil, həm də tibb işçilərinin rolu danılmazdır. Biz də Green Start Academy ailəsi olaraq “Sağlam gələcəyə gedən yol valideyn-müəllim-həkim birliyindən keçir” şüarı ilə əl-ələ verərək bu istiqamətdə faydalı olmaq üçün əlimizdən gələni etməkdəyik. Eyni zamanda hər həftənin cümə günü youtube kanalımız üzərindən tibbi mövzularda həkimlərimizlə fikir və tövsiyələrimizi də paylaşmaqdayıq”.

 

Rahat və əyləncəli mütaliə

 

“Mütaliə Günü” layihəsinin rəhbəri Günel Kamal: “Məqsədimiz uşaqların savadlı və dünyagörüşlü olması istiqamətində yardımçı olmaq, onları ziyalılarla görüşdürərək, rahat və əyləncəli yollarla mütaliəni sevdirməkdir. Pandemiya dövründə belə onlayn olaraq respublikamızın bütün bölgələrindən qoşulan yüzlərlə şagirdi sevimli yazıçılarımız - Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Gülzar İbrahimova və digərləri ilə görüşdürmüş, maraqlı müzakirələr aparmışıq. Həmçinin nəşriyyat evləri ilə görüşlər təşkil edərək yeni çıxan ədəbiyyatlarla auditoriyamızı bilgiləndirmişik”.

 

“Green Start-ın mətbəxi” layihəsinin rəhbəri, qənnadıçı Nərgiz Pəhlivanlı: Layihəmiz çərçivəsində uşaqların kiçik yaşlarından mətbəx bacarıqlarını inkişaf etdirməklə bərabər, həm də valideynləri ilə birlikdə əyləncəli zaman keçirmələrinə töhfəmizi verməyə çalışırıq. Bir sözlə, birlikdə həm öyrənir, həm də əylənirik”.

 

Green Start Academy-nin psixoloqu Gülşən Nəhmətova: “COVID-19 adlı bəlanın tüğyan etdiyi dövrdə, insanların gözlənilmədən evə qapandıqları, müdhiş həyat şərtləri ilə qarşılaşdıqları bir zamanda GSA-nın fəaliyyəti danılmaz olmuşdur. Biz birlikdə, həkim, pedaqoq, psixoloq olaraq deyərdim ki, cəmiyyətin hər bir üzvü qeyd olunan lahiyələrə qoşulduq. Əsasən valdeynlərə hər mövzuda əsl mütəxəssis yardımı göstərib, onlarla birlikdə olmağı bacardıq. Evə qapanmalarda yaranan psixoloji gərginliklərin aradan qaldırılması, ailədaxili münasibətlərin tənzimlənməsi, çətin pandemiya dövründə sağlam qidalanma, evdə sağlam psixoloji mühitin yaradılması və tənzimlənməsi, şəxsi gigiyena və digər məsələlərdə düşünürəm ki, öz faydalı  işimizlə  insanların yardımına yetişə bildik. Bu mənada valideyn-övlad münasibətləri, uşaqların evə qapanmadan sonrakı  mərhələdə cəmiyyətə yenidən adaptasiya olması və ya digər bəlalardan qorunmaqdan ötrü  bundan sonra necə davranmalı olduqları haqqında lazımi psixoloji biliklərin verilməsi və faydalı məsləhətlərin ötürülməsi bizim əsas iş prinsipimizdir.

 

Ətrafımıza geniş auditoriya toplamağı bacarmışıq, təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da bizim izləyicilərimizin olmasını qürurla qeyd etmək istəyirəm. Rusiya Federasiyasının müxtəlif regionlarından, Almaniya, Türkiyə kimi ölkələrdən belə, izləyicilərimiz vardır. Bütün komandamıza böyük və yaddaqalan işlərin uğurla həyata keçməsini arzulayıram”.

 

Paylaşmaq gözəldir

 

Green Start Academy xeyriyyəçilik istiqamətində də öz aktivliyini daima saxlamaqdadır. Belə ki, GSA-nın könüllü komandası bayram günlərində öz sevinclərini paylamşaq üçün “Paylaşmaq gözəldir” şüari ilə sığınacaqlara, uşaq və qocalar evinə üz tutur. Buna nümunə olaraq bu günlərdə - Ramazan bayramı ərəfəsində Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində təşkil olunmuş görüşü xatırlamaq olar. Təşkilatın əməkdaşı Naibə Xankişiyeva: “Bilgəhdəki Qocalar evinə bayram ərəfəsində planlaşdırdığımız tədbirlə əlaqədar olaraq baş çəkdik. Buradakı yüksək ruh,təmiz ortam,nurani üzlər qəlbimizi çox açdı. Arzularımız sonsuz oldu o insanlara: Hər şey könlünüzcə olsun, gözəl insanlar!”.

 

Təhsil zəifliyi gücə çevirmək üçün açardır. O, qarşımızda duran problemləri anlamaq üçün müxtəlif vasitələr və yollar təklif edir və onları həll etməyə kömək edir. Green Start Academy komandası cəmiyyətə güclü olmağı, elmə, biliyə, can atmağı təbliğ edir. Məqsəd elmi, təhsili, kitabı, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etməkdir. Təşkilat müəllim və şagirdlərlə bərabər, həm də valideynlərlə işbirliyi quraraq, cəmiyyəti inandırır ki, üçtərəfli ünsiyyət təhsilin qalib gəlməsinə səbəb olur.

 

Green Start Academy kollektivinə hədəflərinə çatmağı arzulayırıq.

 

Zülfiyyə VƏLİYEVA,

ADPU-ETM-nin elmi işçisi, Əməkdar müəllim