Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Mərkəzi Bankı arasında olan razılaşmaya əsasən, “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb.

 

AzMİU-nun Xidməti sahələrin iqtisadiyyatı və menecment kafedrasının təşkil etdiyi təlimlərdə Mərkəzi Bankın əməkdaşları – Rauf Ağayev, Pərviz Quliyev, Ruqiyyə Hacızadə, Ülfət Yusifov,

 

Pərviz Hüseynov müxtəlif mövzularda məruzələr ediblər. Onların hazırladıqları “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik”, “Vətəndaşlar üçün sığorta xidmətləri”, “Rəqəmsal ödənişlərin üstünlükləri” və “Əmanətlərin sığortalanması”  mövzusunda olan təqdimatlar tikinti-iqtisad fakültəsində dərs deyən müəllimlər, doktorantlar, magistrlər tərəfindən maraqla qarşılanıb. 
     

Kafedradan verilən məlumata görə, yaxın günlərdə təlim iştirakçılarına Mərkəzi Bank tərəfindən sertifikatlar veriləcək. 
     

Məlumat üçün qeyd edək ki, AzMİU ilə Azərbaycan Mərkəzi Bankı arasında olan razılaşmaya əsasən, 2017-ci ildən  Bankın əməkdaşları tərəfindən universitetin gənc müəllimləri, doktorant, magistr və bakalavrlarına “Maliyyə savadlılığı” layihəsi çərçivəsində mütəmadi olaraq seminar-təlimlər keçirilir.