Sumqayıt Dövlət Universitetində riyaziyyat fakültəsinin təşkilatçılığı ilə “İnformasiya -Kommunikasiya Texnologiyalarının biznesdə tətbiqi” mövzusunda seminar təşkil olunub.

 

Fakültənin dekanı, dosent Xalidə Həsənova tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, müasir dövrdə ölkəmiz hər sahədə sürətli və dinamik inkişaf etməkdədir:”İllərlə aparılmış uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə  bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. Belə ki, İKT imkanlarının dövlət idarəetmə sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülüb, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilərək ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılıb, elektron hökumətin təşkili nəticəsində İKT sahəsi ən dinamik inkişaf edən sahələrdən birinə çevrilib, bu istiqamətdə böyük uğurlar əldə olunub”.

 

Dekan onu da diqqətə çatdırıb ki, İnformasiya-Kommunikasiya Texnologiyaları ilə bağlı seminar silsilə xarakter daşıyır, fakültənin müəllim və tələbələri tərəfindən İKT-nin son yenilikləri barədə ətraflı məlumat veriləcək.

 

Seminarda riyaziyyat fakültəsinin tələbələri Nəzrin Xurşudova və Elana Bayramova İKT haqqında təqdimatla çıxış ediblər. İştirakçılar arasında intellektual sorğu aparılıb, suallara doğru cavab verən tələbələr mükafatlandırılıb.

 

Tədbirin ikinci hissəsində  “ Animatros” şirkətinin nümayəndəsi Kamran Tağıyev, Bakı Ali Neft Məktəbinin müəllimi Elvin Abbaszadə “İKT-nin Biznesdə tətbiqi” mövzusunda çıxış edib, apardıqları layihələr haqqında videoçarxlar təqdim edib, mövzu ilə bağlı  sualları cavablandırıblar.

 

Tədbirin üçüncü hissəsində 436-cı qrup tələbəsi Rəhim Rəhimli robotla əyləncəli viktorina  və səhnəcik təqdim edib.