Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu mayın 26-29-da “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgiyə qatılacaq. İnstitut süni intellektə əsaslanan və ağciyər xərçənginin təyin olunmasında insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya təqdim edəcək.

 

İnstitutun elmi işçisi Arzu Aydəmirova bildirib ki, Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi tərəfindən süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verən yeni model yaradılıb. O, hətta inkişaf etmiş ölkələrdə ağciyər xərçəngi üçün skrininq metodunun mövcud olmadığını vurğulayaraq, tədqiqat işinin önəmini qeyd edib.

 

“Ağciyər xərçəngi xəstələrinin səmərəli müalicəsi üçün xəstəliyin erkən aşkarlanması son dərəcə vacibdir ki, bu da effektiv skrininq metodlarının yaradılmasını zəruri edir. Hazırda geniş istifadə olunan diaqnostik metodlar – kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya və pozitron emissiya tomoqrafiyası sözügedən xəstəliyin aşkarlanması üçün mükəmməl vasitələr hesab olunsa da, bu üsullar xəstəliyin aşkarlanmasının geniş tətbiqinə, yəni skrininqinə imkan vermir”, – deyə qurum rəsmisi söyləyib.

 

A.Aydəmirovanın sözlərinə görə, tədqiqat işi çərçivəsində 47 sağlam şəxsin və 50 ağciyər karsinoması xəstəsinin qan nümunələri tədqiq olunub. Sağlam şəxslərin və ağciyər karsinoması xəstələrinin qan plazmalarının furye çevirici infraqırmızı spektrləri çoxvariantlı statistika metodları ilə klassifikasiya edilib, ağciyər xərçəngi modeli yaradılıb və bunun əsasında süni intellekt vasitəsilə anonim qan nümunələrinin testləri aparılaraq diaqnostik proqnozlar verilib. Yaradılan model sağlam qan nümunələrini 80 faiz, xərçəng hüceyrəsi nümunələrini isə 90 faiz dəqiqliklə müəyyən etməyə imkan verir. Tədqiqatlar nəticəsində məlum olub ki, minimal invaziv və sürətli olan, yüksək vəsait tələb etməyən müvafiq metod əhalinin risk təbəqəsindən olan şəxslərin genişmiqyaslı skrininqi üçün çox əhəmiyyətli ola bilər. Hazırda modelin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

 

Elmi işçı tədqiqat işinə dair “Artificial Intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” adlı məqalənin işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, sonradan Çin alimləri də həyata keçirilmiş bu tədqiqat işi ilə əlaqədar mühüm nəticələr əldə edib və ağciyər xərçəngi xəstələrini 87,1 faiz dəqiqliklə müəyyən etməyə nail olublar.

 

Texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdiriləcəyi “Teknofest Azərbaycan” sərgisinin işini yüksək qiymətləndirən A.Aydəmirova bu kimi mötəbər tədbirlərin AMEA-da əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını vurğulayıb və elmi müəssisənin təqdim etdiyi layihənin sərgi iştirakçılarının marağına səbəb olacağına əminliyini ifadə edib.