“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandalla görüş keçirilib.

 

Görüşdə Azərbaycan tərəfdən – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi-akademik Arif Həşimov, akademik Rasim Əliquliyev, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və dosent Esmira Əlirzayeva, Türkiyə tərəfdən TÜBİTAK-ın vitse-prezidenti, professor Əhməd Yozgatlıgil, TÜBİTAK-ın Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutunun direktoru Gürcan Okumuş, TÜBİTAK İnformatika və İnformasiya Təhlükəsizliyi Araşdırma Mərkəzinin vitse-prezidenti Sadullah Uzun və TÜBİTAK-ın Kosmos Texnologiyaları Araşdırma İnstitutunun direktoru, dosent Mesud Gökten iştirak ediblər.

 

Görüşün əsas məqsədi AMEA və TÜBİTAK arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün 4-cü qrant layihəsinin təşkili istiqamətində müzakirələrin aparılması olub.

 

Akademik Arif Həşimov AMEA-nın TÜBİTAK-la elmi-texnoloji sahədə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən bəhs edib, birgə həyata keçiriləcək 4-cü layihə müsabiqəsinin proqramının hazırlanmasının vacibliyindən danışıb. O, AMEA ilə TÜBİTAK arasında 2013-cü ildən başlayan əməkdaşlıq əlaqələri çərçivəsində 3 birgə müsabiqənin elan olunduğunu, ildən-ilə TÜBİTAK-ın müsabiqələrinə təqdim edilən layihələrin sayının artdığını bildirib.

 

Akademik Rasim Əliquliyev 4-cü layihə müsabiqəsinin icrası ilə bağlı təqdimat xarakterli görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib, mövcud problemlərin həlli istiqamətində müzakirələrin aparılmasını təklifini irəli sürüb. Vitse-prezident AMEA-nın AzScienceNet elm-kompüter şəbəkəsinin GEANT Assosiasiyası və NATO ilə yanaşı, TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi - Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) ilə də əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladıb.

 

Görüşdə türkiyəli alimlərlə birgə Avropa İttifaqının “Horizon Avropa” proqramları çərçivəsində çağırışlar və layihələrə müraciət etmə imkanları müzakirə olunub, həmçinin yeni birgə layihə müsabiqəsinin həyata keçirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Professor Hasan Mandal TÜBİTAK-ın ekspertlər bazasının artıq AMEA-nın istifadəsi üçün açıldığını qeyd edib. O, AMEA ilə elm, sənaye və texnologiya layihələrinin, o cümlədən sosial elmlərin texnologiyalarla birləşməsi istiqamətində tədqiqatları nəzərdə tutan layihələrin icrası üzrə əməkdaşlığa və ortaq proqramların həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.