Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

 

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov qonaqlara Azərbaycanın ən böyük və ilk universiteti olan BDU, onun strukturu, fakültələri, son illər həyata keçirilən islahatlar, yeni yaradılan Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, ikili diplom proqramları barədə məlumat verib. Bildirib ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramlarının qəbulu BDU üçün xüsusi önəm daşıyır.

 

Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi isə rəhbərlik etdiyi ali təhsil ocağı ilə bağlı ətraflı məlumat verib, 19 minə yaxın tələbəsi olan Çankırı Karatekin Universitetində 900 azərbaycanlı tələbənin təhsil aldığını xatırladıb. O, BDU ilə əməkdaşlıqda və ikili diplom proqramlarının qəbulunda maraqlı olduğunu vurğulayıb.

 

Görüşdə BDU və Çankırı Karatekin Universiteti arasında ortaq tədqiqatların aparılması, birgə konfrans, simpoziumların keçirilməsi də müzakirə edilib.